Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək


Digərləri 25 Sen 2018 20:36:00 275 0

Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək

Azərbaycanın biznes missiyasının oktyabr ayında Monqolustana səfəri nəzərdə tutulur.

Bakı. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, Ş.Mövsümov ARDNF-nin yaranma tarixi, milli neft strategiyası, Fondun məqsəd və vəzifələri, idarəetmə və büdcə sistemi, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya siyasəti, maliyyələşdirilən layihələr, şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində ARDNF-nin gördüyü işlər, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsi istiqamətində atılan addımlar barədə təqdimatla çıxış edib. Prezident İlham Əliyevin dəvəti ilə ölkəyə səfər etdiyini qeyd edən Monqolustan Prezidenti Azərbaycan və Monqolustan arasında mövcud olan əlaqələr barədə məlumat verib. ARDNF barədə təqdimatla tanış olan Prezident X.Battulqa Neft Fondunun neft və qaz gəlirlərinin şəffaf idarə edilməsi istiqamətində mövcud təcrübəsini yüksək qiymətləndirib. Görüşdə mövcud və gələcək investisiya imkanları, əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.