Qusarda “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim keçirilir (FOTO)


Digərləri 25 Sen 2018 18:41:55 285 0

Qusarda “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim keçirilir (FOTO)

Qusarda KİV nümayəndələri üçün nəzərdə tutulan "Gömrük islahatları və modernləşdirilmə" mövzusunda təlimlər təşkil olunub.

Bakı. Ceyhun Ələkbərov - Qusar rayonu ərazisindəki “Şahdağ” otelində “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim başlayıb. Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, komitənin təşkil etdiyi təlim kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulub. Təlimin açılış mərasimində DGK sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və “Trend” informasiya agentliyi baş direktorunun müavini Arzu Nağıyev iştirak ediblər. DGK sədrinin müavini İ.Babayev tədbirdə iştirak edən KİV rəhbərlərinə və jurnalistlərə təşəkkürünü bildirib və bunu gömrük işinin təşkilinin səmərəliliyinin artırılmasına göstərilən dəstək kimi qiymətləndirib. Komitə sədrinin müavini vurğulayıb ki, DGK-də və gömrük sistemində islahatlar qlobal şəkildə həyata keçirilir. Qeyd olunub ki, islahatların məqsədi çevik idarəetmə sistemi və beynəlxalq standartlara uyğun gömrük xidmətini formalaşdırmaq, Komitənin strukturunu rotasiya prinsipi əsasında qurmaq, nəzarət mexanizmindən xidmət mexanizminə keçməkdir. İ.Babayev diqqətə çatdırıb ki, hazırda dünya gömrüyünün inkişafı əsasən üç istiqamətdə - “gömrük-biznes”, “gömrük-hökumət” və “gömrük-gömrük” əməkdaşlığı üzərində aparılır. Azərbaycan Gömrük Xidməti isə bunların sırasında daha birini - “gömrük-media” əməkdaşlığını da görmək istərdi. Komitə sədrinin müavini onu da vurğulayıb ki, ölkədə aparılan bütün islahatların fonunda gömrük sahəsində islahatların və modernləşmənin ideoloqu Prezident İlham Əliyevdir və məqsəd ölkə vətəndaşlarının, biznes subyektlərinin məmnunluğunu təmin etmək, beynəlxalq ticarəti asan və sürətli şəkildə həyata keçirməkdir. Gömrük sahəsində yeniliklərin, islahatların mahiyyətinin və fəlsəfəsinin ictimaiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin xüsusi rol oynadığını vurğulayan İ.Babayev, bu baxımdan, DGK-nin media qurumları və ictimaiyyətlə əlaqələrə xüsusi önəm verdiyini bildirib və təlimin sonunda əldə olunan biliklər hesabına kütləvi informasiya vasitələrində gömrük sistemi ilə bağlı məlumatların daha dəqiq və dolğun olacağına əminliyini ifadə edib. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru V.Səfərli media nümayəndələri və sahibkarlar üçün təşkil edilən analoji təlim və seminarların əhəmiyyətinə toxunub, Komitənin kütləvi informasiya vasitələri və ictimaiyyətlə münasibətlərini yüksək qiymətləndirib. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili H.Babaoğlu gömrük sahəsində ölkə iqtisadiyyatının, beynəlxalq ticarətin inkişafına münbit şərait yaradacaq islahatlar həyata keçirildiyini və islahatların səmərəliliyinin artırılması işində bu təlimdə əldə olunacaq biliklərin də xüsusi rol oynayacağını bildirib.