İnternetdəki təhlükələrdən xəbərdarsınızmı? (FOTO)


Digərləri 25 Sen 2018 16:51:00 305 0

İnternetdəki təhlükələrdən xəbərdarsınızmı? (FOTO)

"Azercell"in dəstəyilə şagird, valideyn və müəllimlər üçün təlimlər təşkil olunacaq

Bakı. İnterneti uşaqlarımız üçün təhlükəsiz edək - “Azercell Telekom” MMC-nin təşəbbüsü ilə icra olunan “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq” təlim proqramının əsas məqsədi bundan ibarətdir. "Azercell"dən Trend-ə verilən məlumata görə, şirkətin təşkili ilə bu əhəmiyyətli proqramın təqdimatı keçirilib. Təqdimatın açılışını edən "Azercell"in İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nigar Şıxlinskaya 2018-2019-cu tədris ili çərçivəsində paytaxt və region məktəblərində şagirdlər, valideynlər və müəllimlər üçün təlimlər təşkil olunacağını bildirib. Təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir. Təqdimat mərasimində çıxış edən Azercell MMC-nin prezidenti Vahid Mürsəliyev Azercell-in sürətli mobil internet təminatçısı olması və mobil internetdən istifadəni təbliğ etməsinə baxmayaraq kiber təhlükəsizlik məsələsinin olduqca aktuallaşmasından, bu mövzunun şirkət üçün böyük əhəmiyyət kəsb etməsindən danışıb. Onun sözlərinə görə Azercell öz fəaliyyətində daim uşaqların müdafiəsinə önəm verdiyindən məmnuniyyətlə bu aksiyanın təşəbbüskarı və təşkilatçısı qismində çıxış edir. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin təhsilin inkişafı proqramlarının sektor müavini Vidadi Bağırov, Ombudsman Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Faiq Ağayev çıxış edərək internetdə uşaqların təhlükəsizliyinin təmin olunmasının vacibliyini, Azercell-in bu təşəbbüsünü dəstəklədiklərini vurğulayıblar.