Atletico və Sporting razılığa gələ bildi


İdman 25 Sen 2018 15:42:00 315 0

Atletico və Sporting razılığa gələ bildi

Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sporting” (Lissabon) “Atletico” ilə yayda Madrid təmsilçisinə azad agent kimi keçən futbolçusu Jelson Martins üçün tələb etdiyi təzminatda razılığa gəlib. Goal.az xəbər verir ki, “Atletico” Martins üçün “Sportinq”ə 30 milyon avro təzminat ödəyəcək. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat verib. Xəbərdə hər iki klubun rəhbərliyinin 30 milyon avroya razılaşdığı bildirilib.

Bazar dəyəri 35 milyon avro olan Martins ispanlara havayı başa gəlmişdi. 23 yaşlı futbolçu Lissabon təmsilçisindən azad agent kimi ayrıldığından, yeni klubu ona görə heç bir təzminat ödəməmişdi. “Sporting” rəhbərliyi isə bu transfer üçün “Atletico”dan 35 milyon avro tələb edirdi.

Xatırladaq ki, azarkeşlərin klubun bazasına hücumundan sonra “Sporting”i tərk edən futbolçulardan biri də məhz portuqaliyalı hücumçu Martins idi. O, “Atletiko” ilə 5 illik müqaviləyə imza atıb.

“Qarabağ” Avropa Liqasının E qrupunda “Arsenal”, “Sporting” və “Vorskla” klubları ilə mübarizə aparır. Ağdam təmsilçisi ilk matçında səfərdə “Sporting”ə 0:2 hesabıyla uduzub.