Səfər Mehdiyev: Azərbaycanın gömrük sistemi Avropa gömrük modelinə uyğunlaşdırılır


Digərləri 25 Sen 2018 15:39:08 252 0

Səfər Mehdiyev: Azərbaycanın gömrük sistemi Avropa gömrük modelinə uyğunlaşdırılır

Dövlət Gömrük Komitəsinin sədri İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder ilə görüşüb. DGK-dan Trend-ə verilən məlumata görə, S.Mehdiyev Azərbaycanla İsveçrə arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, Azərbaycan Prezidentinin bu əlaqələrin genişlənməsinə önəm verdiyini vurğulayıb. DGK sədri ikitərəfli münasibətlərin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. Son illər Azərbaycan gömrüyündə geniş islahatlar proqramının həyata keçirildiyi barədə məlumat verən S.Mehdiyev, onu da qeyd edib ki, hazırda ölkənin gömrük sistemi Avropa gömrük modelinə uyğunlaşdırılır. Komitə sədri, həmçinin elektron xidmətlərin səviyyəsinin yüksəldilməsi, ticarətin daha da asanlaşdırılması istiqamətində yeni normativ sənədlərin təsdiqi və yeni qaydaların tətbiqindən bəhs edib, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə xüsusi önəm verildiyini bildirib. Hazırda gömrük sistemində bütün ödənişlərin 100 faiz elektron qaydada həyata keçirildiyini diqqətə çatdıran S.Mehdiyev, onu da bildirib ki, bu ödənişlərin yalnız 30%-i gömrük orqanları və ya gömrük təmsilçiləri vasitəsilə bəyan olunur, qalan 70%-i isə iş adamlarının ofisindən və ya evdən həyata keçirilir.