AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq


Digərləri 25 Sen 2018 15:18:00 284 0

AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

AZAL prezidenti Cahangir Əsgərov “L-3 Technologies” şirkətinin bölməsi “Commercial Training Solutions”un Prezidenti Robin Qlover-For (Robin Glover-Faure) ilə görüş keçirib.

Bakı. AZAL prezidenti Cahangir Əsgərov “L-3 Technologies” şirkətinin bölməsi “Commercial Training Solutions”un Prezidenti Robin Qlover-For (Robin Glover-Faure) ilə görüş keçirib. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Qonaqlar qeyd ediblər ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılmış imkanlar onlara böyük təəssürat bəxş edib. “L-3 Technologies” şirkəti öz innovasiya layihələri sayəsində “Azərbaycan Hava Yolları” aviaşirkətinə personalın hazırlığı, uçuş imitasiya kompleksləri, habelə kombinə edilmiş nəzəri və interaktiv tədris proqramları sahəsində ən müasir texnologiyaları təqdim edəcək. Tərəflər AZAL və “Buta Airways”in uçuş heyətinin hazırlığı məqsədilə “Boeing-737 MAX” və “Embraer 190” tipli təyyarələri üçün “Full Flight Simulator” trenajor komplekslərinin tədarükü məsələlərini müzakirə ediblər. Danışıqlar zamanı həmçinin Milli Aviasiya Akademiyasında “L-3 Technologies” şirkəti ilə birgə pilotların hazırlığı üzrə yeni trenajor mərkəzinin inşası müzakirə olunub. Müqavilənin imzalanması oktyabrın ortalarına planlaşdırılır. Yeni trenajorların 2020-ci ilin ortalarında fəaliyyətə başlayacağı gözlənilir. “Azərbaycan Hava Yolları” hava parkının yenilənməsi üzrə genişmiqyaslı proqram həyata keçirir. Bu yaxınlarda “Buta Airways” loukost aviaşirkəti üçün yeni “Embraer E-190” təyyarəsi alınmışdır. Yaxın vaxtlarda AZAL-ın hava gəmisi parkının yeni nəsil “Boeing 737 MAX” təyyarələri ilə genişləndirilməsi nəzərdə tutulur. Hava gəmiləri parkının yenilənməsi proqramı uçuş heyətinin peşəkar təkmilləşdirməsini tələb edir.