""Mənimlə söhbət edən adamın varını, yoxunu beləbelə edərəm" dedi"


Digərləri 25 Sen 2018 14:36:00 312 0

""Mənimlə söhbət edən adamın varını, yoxunu beləbelə edərəm" dedi"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

V.Novruzov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O söyləyib ki, Vüqar Quliyevi öldürmək niyyəti olmayıb, mərhumla münasibəti həmişə yaxşı olub: "Sadəcə, son zamanlar alış-veriş zəif olduğundan onunla aramızda gərginlik yaranmışdı. Gələn müştəriyə qarşı kobudluq etməmişdim. Sadəcə, həmin gün işim çox olduğundan müştərini yola sala bilmədim. O da zəng edib Vüqara deyib. Vüqar da mənə zəng edib "sən ora "borzuluq" etməyə gəlmisən?" sözünü dedi. Mən də əsəbləşdim ki, Vüqar niyə məsələni aydınlaşdırmadan mənə belə deyir. Mən ona dedim ki, "axşam gəl görüşüb, danışaq". Amma mənə qarşı hörmətsizlik etdi, mağazaya da gəlmədi. Yenidən zəng etdim, axşam parkda görüşək dedim. Vüqar mənə qarşı aqressiv idi. Onunla danışmaq istədim. Amma "nə demişəm, yaxşı eləmişəm" söylədi. Bu da məni əsəbləşdirdi. Mən həmişə Vüqarın hörmətini saxlamışam. O, "mənimlə söhbət edən adamın varını, yoxunu belə-belə edərəm" dedi və çiynimdən də vurdu. Mən də bu söyüşə görə onu vurdum".

Söyüş söyülməsinə mərhumun məhkəmə zalında olan qardaşı etiraz edib: "Allahsızlıq eləmə".

Hakim mərhumun qardaşını məhkəmə zalından çıxarıb.