Nazim Süleymanov: "Məgər məşqçimiz pis edib?"


İdman 25 Sen 2018 14:24:00 325 0

Nazim Süleymanov: "Məgər məşqçimiz pis edib?"

Sumqayıt-ın baş məşqçisi Nazim Süleymanov köməkçisi Anton Dioçenkonun AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılmasını narazılıqla qarşılayıb. Goal.az xəbər verir ki, Süleymanov onun yanlış addım atmadığını deyib.

“İntizam Komitəsinin qərarını klubumuzun rəhbərliyi ilə müzakirə edəcəyik. Yəqin ki, apellyasiya şikayəti verəcəyik. Başa düşmürəm, bu, nə deməkdir? Futbolçu yerə yıxılır və onu qan aparırsa, məgər məşqçi pis hərəkət edir? Hakimlərə deyib ki, baxın da".

Görüşün baş hakimi Orxan Məmmədov uzatma dəqiqələrində kəllə-kəlləyə toqquşduqları üçün yerdə qalan Atilla Yıldırım və Sertan Taşkına yardım göstərilməsi üçün oyunu dayandırmayıb. Oyundan sonra A.Dioçenko hakimlərə məhz bu epizoda görə etirazını bildirib.

“Kimə və hansı fiziki təzyiqi göstərib? Hamımız ordaydıq da. Atilla Yıldırmın beyni silkələnib, hazırda ürəkbulanmaları olur. Sertan Taşkın isə U-21 millimizin kapitanıdır, yerdə qalıb, qan aparır. Hakim də durub, baxır. Bu nə deməkdir? Cavan oyunçudur, yığmanın kapitanıdır. Nə olsun ki, rəqib futbolçudur? Məgər məşqçimiz pis edib? Deyib ki, oyunçu yerdə yatıb, siz isə onu görmürsünüz. Amma sarı vərəqə "paylamaq" olar, hə? Belə olmaz axı. Bir nəfərin sözünə inanmaq olur, başqalarınınkına yox? Necə olur ki, penalti vermirlər, amma sonradan lehimizə 2, 3 və ya 5 dənə 11 metrlik cərimə zərbəsinin olduğunu etiraf edirlər? Toydan sonra nağara?! Başa düşə bilmirəm, bu, nə deməkdir? Hər şeyə hörmətlə yanaşırıq, amma belə şeylər etmək lazım deyil”.

53 yaşlı mütəxəssisin sözlərinə görə, 10 oyunluq cəzaya rəğmən, Dioçenko “Sumqayıt”dakı fəaliyyətini davam etdirəcək: “Onu komandadan niyə çıxarmalıyıq ki?”

Qeyd edək ki, “Sumqayıt” 7 xalla 4-cü pillədə qərarlaşıb.