Salman Rüşdinin dünyanı dağıtmağa çalışan cinləri


Digərləri 25 Sen 2018 12:11:00 351 0

Salman Rüşdinin dünyanı dağıtmağa çalışan cinləri

Nə etməli? Salman Rüşdinin də yaradıcılıq taleyi bu cür gətirib

Çağımızın böyük yazarlarından olan Salman Rüşdinin adı nə qədər kobud səslənsə də təəssüflə deməliyik ki, Şərq-müsəlman oxucusunda ikrah doğurur. Çoxları onu İslam peyğəmbərini təhqir etmiş yazıçı kimi tanıyır. Bu səbəbdən də müsəlman ölkələrində Salman Rüşdi yaradıcılığı az qala heç bilinmir. Halbuki Rüşdinin yaradıcığı, demək olar, bütövlükdə Şərq mədəniyyətinə, mif və əfsanələrinə söykənib. Bu baxımdan onun əsərləri bizim üçün daha doğma olardı, nəinki Qərb oxucusu üçün.

. Şərqdə nifrətlə yad edilir, Qərbdə böyük sevgi ilə qəbul olunub qorunur. Qərb onu maqik realizmin böyük ustalarından hesab edir, Şərq isə kafir kimi baxır. Salman Rüşdi bu mənada böyük Şərq filosofu İbn Rüşdü xatırladır. O da eynən Qərbdə xristian teoloqları tərəfindən böyük maraqla qarşılandığı, yaradıcılığı, fikirləri böyük başlanğıclara səbəb olduğu halda Şərq onun barəsində susurdu. Çox güman bəhs edəcəyimiz romanda İbn Rüşdün yer alması bir az da bu səbəbdəndir.

Salman Rüşdi "İki il, səkkiz ay, iyirmi səkkiz gecə" romanında da öz yaradıcılıq yoluna sadiq qalır. Bu dəfə yazıçı "Min bir gecə" nağıllarına müraciət edir, ordakı motivlərdən faydalanır, Şəhrizada çevrilir. Romanın adı da bunu deyir: iki il, səkkiz ay, iyirmi səkkiz gecə barmaq hesabı ilə götürdükdə elə min bir gecə edir.

"Min bir gecə" nağıllarında hadisələr orta əsrlərin ən varlı şəhəri Bağdadda baş verirsə, Rüşdinin romanında hadisələr müasir Bağdadda - Nyu-Yorkda cərəyan edir. Cinlər, cinniyələr, pərilər də öz yerində. İlk baxışdan qəribə gəlir, cinlərin Nyu-Yorkda nə işi var?

"İki il, səkkiz ay, iyirmi səkkiz gecə" çağdaş "Min bir gecə" nağılıdır. Əsərdəki hadisələr indiki dövrümüzdə baş versə də təhkiyəçi - müəllif - Şəhrizad bu hadisələri üstündən min il keçəndən sonra anladır.

İlk baxışda "İki il, səkkiz ay, iyirmi səkkiz gecə" sıradan bir fentezi nümunəsi təsiri bağışlayır. Axı cinin müasir sivilizasiyanın mərkəzinə düşməsi yeni hadisə deyil? Dünya kinematoqrafiyası bir qırağa, bizim özümüzdə buna kifayət qədər nümunə var. Biri elə Sovet yazıçısı Lazar Laqinin eyni adlı povesti əsasında çəkilmiş "Qoca Xottabıç" filmi. Ayıq oxucu dərhal qulağıma pıçıldayır: "Cin mikrorayonda" filmini niyə demirsən? Üstəlik, bizim cinlər diyarına səfərə edən insan haqqında da filmimiz ("Qərib cinlər diyarında") var.

Adını sadaladığımız sənət nümunələrində cin, sadəcə, günümüzə uyğunlaşdırılan nağıl personajıdır. Rüşdinin romanında isə cinlər təkcə əsərə maqik don geyindirmək üçün mövcud deyil, bunun çox ciddi fəlsəfi səbəbləri var.

"İki il, səkkiz ay, iyirmi səkkiz gecə" romanı Nyu-Yorkda başlayan böyük dünya müharibəsindən bəhs edir. Bu savaşı başladanlar cinlərdir, bir tərəfdə Pəristan - Pərilər diyarının prinsesi, cinniyə Dunia və onun insanla izdivacından doğulan, fövqəlbəşəri qüvvələrə sahib övladları, digər tərəfdə Böyük İfrit Zümrüd Şah, iki köməkçisi Qan İçici Rəhim və Dirəhşan Yaqut, bir də Zəbərdəst. Bu savaş təkcə insanla cinlərin, Xeyirlə Şərin savaşı deyil, həm də iki böyük Şərq filosofunun, iki fəlsəfənin, ağılla inancın, materiya ilə mistikanın, zahirlə batinin, nəhayət İbn Rüşd ilə Əl-Qəzəlinin də savaşıdır.

Qərbdə Averroes kimi tanınan İbn Rüşd fəlsəfə tarixində özünün Aristotelə yazdığı şərhləri ilə qalıb. Bu səbəbdən onu daha çox şarih və ya kommentator kimi tanıyırlar. O, aristotelizmi yenidən  canlandırmaqla yanaşı Əl-Qəzəli kimi mistik Şərq filosoflarına qarşı çıxır, rasionallığı əsas götürür, dünyanın dərkolunan olduğunu iddia edirdi. 

Əlmüvəhhidilər xəlifəsinin sarayında böyük nüfuza malik olan İbn Rüşd həm də sultanın şəxsi həkimi idi. Lakin xilafət ərazisində fanatik bərbərlərin gücünün artması nəticəsində İbn Rüşdün fikirləri "Qurana qarşı" olduğuna görə güclü tənqidlərlə üzləşir, nəhayət alim sultanın gözündən düşür. Beləliklə, bütün əsərləri yandırılan İbn Rüşd Kordova yaxınlığında bir kəndə sürgün edilir. O, burada təbibliklə yanaşı, at ticarəti ilə məşğul olur, tanaja adlı gil qabların hazırlanmasında finansmanlıq edir.

Lakin bir gün böyük alimin yanına on altı yaşlarında gözəl bir qadın gəlir. İbn Rüşd özündən qat-qat cavan olan Dunia adlı qadını evinə qəbul edir. İki il, səkkiz ay, iyirmi səkkiz gecə birlikdə yaşadıqları müddətdə böyük alim qadına özünün fəlsəfi fikirlərini aşılamaqla yanaşı qollarının arasında "sığınacaq" da verir. Fövqəl-bəşəri qüvvələrin varlığına inanmayan filosof  evində və qoynunda sığınacaq verdiyi qadının bir əcinnə olduğunu heç vaxt bilmir: "Məntiq adamı olduğundan qızın fövqəltəbii bir varlıq, qadın cinlər qövmü cinniyələr arasından bir cinniyə olduğunu təxmin etmədi, oysa qarşısındakı qız insan növünün erkəklərinə, xüsusən də parlaq zəkası olanlara qarşı hiss etdiyi marağın arxasınca dünyəvi bir macəraya atılmış olan böyük cin prinslərindən biriydi. Onu kahyası və aşiqi olaraq qəbul edib evinə aldı... Sonrakı iki il, səkkiz ay, iyirmi səkkiz gecə boyunca üç dəfə hamilə qaldı, dəqiq olmayan qaynaqlara görə hər səfərində ən az yeddi, bir səfərində də çox güman on bir, hətta on doqquz uşaq doğdu. Uşaqlarının hamısı Dunianın ən nəzərəçarpan xüsusiyyətini daşıyırdı; heç birinin sırğalığı yox idi".

İbn Rüşd Duniadan olan övladlarını "Min bir gecə" nağılçısı Şəhrizadın bacısının şərəfinə Dünyazad adlandırır və cinniyə ilə iki il, səkkiz ay, iyirmi səkkiz gecə birlikdə yaşadıqdan sonra onu tərk edərək sultanın çağırışı ilə yenidən saraya dönür, bir il sonra isə vəfat edir.

Filosof onu tərk edəndən sonra Dunia yenidən soxulcan boyda dar keçiddən keçərək Pəristana qayıdır, cinlər kralı olan atasının oradakı sarayında qərar tutur.