Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq (FOTO)


Digərləri 25 Sen 2018 09:54:00 244 0

Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti ilə görüş olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, Prezident İlham Əliyevin islahatlar proqramının əsas hədəflərindən biri də sosial-iqtisadi idarəetmə və əhaliyə xidmət sistemlərində mütərəqqi beynəlxalq yanaşma və təşəbbüslərin, qabaqcıl dünya təcrübəsindən irəli gələn ən müasir texnologiyaların, innovativ və effektiv iş mexanizmlərinin geniş tətbiqinin təmin edilməsidir. Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb, Azərbaycanda yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb. Ölkəmizdə milli iqtisadiyyatın dinamik tərəqqisində əldə olunan nailiyyətlər ilk növbədə sosial rifah halının yaxşılaşmasına xidmət edir. Nazir müavini Prezident İlham Əliyevin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq pensiya təminatı sistemində aparılan islahatların davam etdirildiyini deyib. O qeyd edib ki, sosial təminat sisteminin mühüm komponentlərindən olan pensiya təminatı sahəsi üzrə əhaliyə xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığa tam nail olunması üçün pensiya təyinatı prosedurunun da elektronlaşdırılması həyata keçiriləcək. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərdən danışan İ.İsayev bildirib ki, dəyişikliklərə əsasən Azərbaycanda kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İ.İsayev pensiya yaşına çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququnun olduğunu bildirib.