TESS ilk şəkilləri Yerə göndərib


Digərləri 25 Sen 2018 08:35:00 647 0

TESS ilk şəkilləri Yerə göndərib

ABŞ Kosmik Agentliyinin (NASA) yeni "TESS" kosmik aparatı Yerə bənzər ekzoplanetlərin olduğu ehtimal edilən astronomik obyektlərin ilk şəkillərini göndərib.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, peyk ilk fotoşəkilləri avqustun 7-də dörd genişformatlı kamera vasitəsilə Yerdən start götürdükdən 4 ay sonra çəkib. Şəkillərdə həyat qabiliyyətli olması güman edilən ekzoplanetlərə malik planet sistemlərinin daxil olduğu ulduz və obyektlər təsvir edilib. Bundan başqa, "TESS" bir neçə astronomik obyektlərin görünüşünü çəkib.

Agentliyin Vaşinqtonda yerləşən mənzil-qərargahının astrofizika şöbəsinin əməkdaşları bildirib ki, kosmik aparatın əhatə dairəsinə eyni anda yeni planet sistemlərinin olduğu çoxlu ulduz və qalaktikalar daxildir. Elmi dəyərə malik ilk şəkillər peykin kamerasının imkanlarını nümayiş etdirir və missiyanın başqa planetlərin axtarışı üçün misilsiz potensialını göstərir. Alimlərin sözlərinə görə, "TESS" atmosfer tərkibi potensial həyat mövcudluğu ilə bağlı olacaq bir sıra planetlər aşkarlayacaq.

Qeyd edək ki, ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulan "TESS" (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu bu ilin aprelində "SpaceX" şirkətinin "Falcon 9" raketdaşıyıcısı vasitəsilə kosmosa buraxılıb.