Bizə can verən qan


Digərləri 24 Sen 2018 22:02:00 360 0

Bizə can verən qan

Dünyanın ən bahalı avtomobili də keyfiyyətsiz yanacaqla ya pis işləyir, ya da ümumiyyətlə işləmir. Orqanizm də belədir: əgər qan toksiki maddələrlə zəhərlənibsə və normal deyilsə, həyat fəaliyyəti pozulur. Qan orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. Ona qırmızı rəng verən tərkibi müxtəlif hüceyrələrdən ibarət dəmir birləşmələridir.

Son.az bildirir ki, qanın xüsusiyyətləri barədə Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə AZƏRTAC-a məlumat verib: "Nüvəsiz qan hüceyrələri olan eritrositlər stroma və yarımmaye kütlədə həll olmuş hemoqlobindən ibarətdir və onun əsas vəzifəsi qaz mübadiləsində iştirak etməkdir. Eritrositlər plastik olduğuna görə formasını dəyişərək uzanır və incə kapilyarlardan keçə bilir. Qanın qruplara ayrılması da eritrositlərlə əlaqədardır. Böyük fizioloji əhəmiyyətə malik leykositlər girdə rəngsiz nüvəli hüceyrələrdir. Onlar hərəkət edərək bakteriya, hüceyrə qırıntıları və yad cisimcikləri tutub fermentlər vasitəsilə əridir. Leykositlərin miqdarının artması leykositoz, azalması isə leykopeniya adlanır.

Çoxlu miqdarda granül ehtiva edən rəngsiz hüceyrə parçaları olan trombositlər, qanın laxtalanmasında əhəmiyyətli rol oynayır. Megakaryosit deyilən sümük iliyinin böyük hüceyrələrinin parçalarından meydana gələn trombositlər ortalama 10 günə qədər yaşayarlar. Ömrü dolan trombositlər dalaq və qaraciyərdəki xüsusi elementlər tərəfindən yox edilər. Trombositlərin tərkibində bioloji aktiv maddələr olan sitoplazmatik qranullar var.

Qan oksigeni ağciyərdən toxumalara və karbon qazını toxumalardan ağciyərə, qida maddələrini həzm orqanlarından toxumalara aparır, maddələr mübadiləsinin lazımsız məhsullarını, həmçinin artıq su, duz və turşunu toxumalardan çıxarır, orqanizmə düşən yad cisimlərə qarşı mübarizə aparır, laxtalanma qabiliyyəti sayəsində itkilərdən mühafizə edir.

Qan arteriya, vena və kapilyarlar vasitəsilə hərəkət edir. Həyəcan keçirərkən qanda böyrəküstü vəzin ifraz etdiyi adrenalin hormonu və onun nəticəsində ürək döyüntüləri artır. Qanın dövr etməsində kapilyar damarlarının böyük əhəmiyyəti var. Elm sübut edib ki, əsəb gərginliyi keçirəndə qan qatılaşır, sağlam həyat tərzi keçirəndə, zərərli vərdişlərdən-siqaret və alkoqoldan uzaq olanda qan da sağlam olur. Qanın orqanizmdə fəaliyyətinin tənzimlənməsi üçün müntəzəm olaraq təmiz havada gəzmək, idmanla məşğul olmaq, düzgün qidalanmaq, normal yuxu, təbiət qoynunda istirahət etmək lazımdır.

Təəssüf ki, bəzən bitkilərdən istifadə edərkən onların qana necə təsir göstərdiyi nəzərə alınmır. Məsələn, qatırquyruğdan istifadə zamanı qan qatılaşır, nanədən istifadə edəndə qan durulur. Ürək və böyrəklərin fəaliyyəti pozulanda, eləcə də qan damarlarında kirəcləşmə (ateroskleroz) olduqda təzyiq yüksəlir. Badamı şəkərlə birlikdə qəbul edəndə qan damarlarının kirəcləşməsinin qarşısı alınır".

Həkim-hematoloq orqanizmdə qanın tərkibini yaxşılaşdırmaq üçün bir neçə reseptdən istifadə etməyi məsləhət görüb.