Bakıda Beynəlxalq Xüsusi Olimpiya Komitəsinin yubileyi qeyd olunub


İdman 24 Sen 2018 18:32:00 243 0

Bakıda Beynəlxalq Xüsusi Olimpiya Komitəsinin yubileyi qeyd olunub

Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumunun açılış mərasimi keçirilib. Goal.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şriver, idarə heyətinin üzvü Ben Haak, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev və digər şəxslər iştirak edib.

Mərasim Xüsusi Olimpiya Hərəkatı üçün hazırlanmış videoçarxın nümayişi ilə başlayıb.

A.Rəhimov mərasim iştirakçılarını salamlayıb və bu forumun Bakıda ilk dəfə təşkilinin təsadüfi olmadığını bildirib: "Bakı - müasir şəhərdir. Biz bir neçə beynəlxalq idman yarışına ev sahibliyi etmişik. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və biz bununla fəxr edirik.

Xüsusi Olimpiya Hərəkatı Qlobal Gənc Liderlər Forumuna ev sahibliyi etməklə, əqli məhdudiyyətləri olan və olmayan bütün gənclərimizə verdiyimiz dəyəri nümayiş etdiririk. Azərbaycan artıq 25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. Mən Azərbaycanda Xüsusi Olimpiya hərəkatına dəstək verən və bu tədbirdə iştirak edən hər kəsə minnətdaram".

Nazir bildirib ki, forumun məqsədi əqli imkanlardan məhdud uşaqların cəmiyyətə uyğunlaşması və gənclərin bu təbəqə ilə işi, eləcə də roludur. Onun sözlərinə görə, bu uşaqlar cəmiyyətdə heç bir məhdudiyyət hiss etməməlidirlər: "Bunun üçün ən gözəl vasitə idman və mədəniyyədir. Onların idmana cəlb olunması önəmlidir. Beynəlxalq Xüsusi Olimpiya Komitəsinin tövsiyəsinə arxalanaraq görürük ki, burada gənclərin rolu çox vacibdir. Məhz gənclərimiz bu uşaqları cəmiyyətə və idmana cəlb etməlidirlər. Bizim də məqsədimiz həmin uşaqlarla erkən yaşlarından ünsiyyətə girməkdir. Əsas məsələ odur ki, həmin uşaqlar fərqi hiss etməsinlər və cəmiyyətə üzv olsunlar".

Beynəlxalq Xüsusi Olimpiya Komitəsinin 50 illik yubileyinin Bakıda keçirildiyini deyən A.Rəhimov foruma 45 ölkədən 220-dək gənc liderin qatıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, forumdan sonra Azərbaycanda da bu işə təkan veriləcək və yeni bir mərhələ olacaq.

T.Şriver isə forumun tarixindən və gənclər üçün önəmindən danışıb: "Xüsusi Olimpiya Qlobal Gənc Liderlər Forumunun Bakıda keçirilməsinə görə qürur hissi duyuram. Məqsədimiz gənclərin səsini bütün dünyaya çatdırmaqdır. Artıq Xüsusi Olimpiya Hərəkatının 50 illiyidir. 

Ona görə də bugünkü açılış mərasimi bizim üçün xüsusi önəmə malikdir. Azərbaycanda fiziki qüsurlu insanların bu cür tədbirdə iştirakı bizim üçün böyük qürurdur. Hamımız onları dəstəkləmək üçün toplaşmışıq. Kim bu sammitdə iştirak edəcəksə, öz ölkələrində müəllimləri və başqa insanları burada gördüklərini söyləyəcək. Onlar Azərbaycanda gördükləri təcrübəni də bölüşəcəklər".

Sonra Xüsusi Olimpiya Hərəkatının bayrağı zala gətirilib. Xüsusi Olimpiya oyunlarının məşəli A.Rəhimova təqdim olunub.

Report