Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir


Digərləri 24 Sen 2018 17:25:00 237 0

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

“Bakı Elektron Ticarət Forumu 2018” adlanan beynəlxalq tədbir 2 gün davam edəcək.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə bu gün Bakıda Elektron Ticarət Forumu öz işinə başlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, “Bakı Elektron Ticarət Forumu 2018” adlanan beynəlxalq tədbir 2 gün davam edəcək. Forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən çox yerli və xarici nümayəndə iştirak edib. Eyni zamanda, 20-dən çox ölkənin sahə üzrə mütəxəssisi, 10 beynəlxalq təşkilatın, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri foruma qatılıb. Tədbir çərçivəsində elektron ticarət sahəsində müxtəlif mövzuları əhatə edən 30-dan çox çıxış nəzərdə tutulub. Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq. Bu gün tədbirin açılış mərasimində Azərbaycanda elektron ticarət, elektron ödəniş və logistika xidmətləri, gömrük-vergi rüsumları, bu sahədə kiçik və orta sahibkarlığın inkişafı, elektron ticarət sahəsində startap layihələrinin genişləndirilməsi, həmçinin, bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə bağlı dövlət orqanlarının, beynəlxalq inkişaf agentliklərinin, biznes strukturlarının səmərəli əməkdaşlığı müzakirə olunub. Azərbaycanda və region ölkələrində elektron ticarətin inkişaf strategiyası, eyni zamanda Avropa İttifaqının müəyyən etdiyi tələblər strategiyası üzrə təkliflər irəli sürülüb.