Bakıda 3cü “ADEX2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək


Digərləri 24 Sen 2018 11:29:56 247 0

Bakıda 3cü “ADEX2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

25-27 sentyabr tarixlərində Bakıda 3-cü "ADEX-2018" - Azərbaycan Beynəlxalq müdafiə sərgisi keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir.

Bu tədbir müasir silah və avadanlıqların möhtəşəm nümayişi, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. Bir qayda olaraq, Azərbaycan Prezidenti İlham Əliyev "ADEX" sərgisini ziyarət edir. Sərginin təşəbbüskarı Müdafiə Sənayesi Nazirliyidir və sərgi Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə "Caspian Event Organisers" (CEO) şirkəti çıxış edir.

Builki "ADEX" sərgisi dünyanın 29 ölkəni təmsil edən 224 şirkəti bir araya gətirəcək və Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edəcək. Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr "ADEX 2018" sərgisində öz milli qrupları ilə çıxış edirlər. Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib, belə ki, 2016-cı illə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30% daha böyükdür. Həmçinin iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır.

Bakı Ekspo Mərkəzinin üçüncü zalında isə Müdafiə Sənayesi Nazirliyinin pavilyonu yerləşəcək və bu pavilyonda yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş olunacaq. Burada, peşəkarlar, ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Silahlı Qüvvələrinin mövcud və inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola biləcəklər. Bundan başqa, bu il Azərbaycandan "Vitta" Elmi-texniki şirkəti, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) və Hərbi Hava Qüvvələrinin Silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə çıxış edirlər.

Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərir, belə ki, "ADEX 2018" sərgisinə informasiya dəstəyi 60-dan çox aparıcı beynəlxalq və yerli xüsusi media - jurnallar, veb saytlar, xəbər agentlikləri tərəfindən təmin olunub. Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın "IHS Jane's Defence Weekly" dərgisidir. Sərginin "onlayn" gündəliyi vəzifəsini Belçikanın "Army Recognition" jurnalı yerinə yetirir. "Azeri Defence" jurnalı isə sərginin informasiya tərəfdaşı qismində çıxış edir.