Meriyadan leysanla bağlı AÇIQLAMA:


Digərləri 24 Sen 2018 10:56:00 291 0

Meriyadan leysanla bağlı AÇIQLAMA:

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sentyabrın 23-də yağan yağışın törətdiyi fəsadlarla bağlı məlumat yayıb.

BŞİH-in mətbuat xidmətindən Son.az-a daxil olan məlumatda bildirilib ki, Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bir sıra fəsadlar yaranıb, proqnoz və ehtimallardan artıq yağan yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərində yerləşən obyektləri basıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatlara görə, 40 dəqiqə ərzində yağan yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122 %-i (norma 17.2 mm) deməkdir. Nərimanov rayonunda bu göstərici hətta 191 % olmuşdur. Bu da fövqəladə hal olaraq bir növ təbii fəlakət sayılır.

Fövqəladə halla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, "Azərcu" ASC, Fövqəladə Hallar Nazirliyi, paytaxtın və rayonların təsərrüfat xidmətlərinin əməkdaşları, texnika və avadanlıqları səfərbər olunmuş, leysanın fəsadlarının aradan qaldırılması istiqamətində konkret tədbirlər görülmüşdür. Kommunal və digər xidmətlərin əməyi nəticəsində leysan dayandıqdan sonra qısa vaxt kəsimində mərkəz ərazilərə dolmuş sular çəkilmiş, küçə və prospektlər yağışın gətirdiyi torpaq və tullantılardan təmizlənmiş, nəqliyyatın hərəkəti bərpa olunmuşdur. Sakinlərin elektrik enerjisi, təbii qaz və su ilə təminatında ciddi problemlər yaranmamışdır.