Bəzi ölkələrdə vəhşi heyvanların sirkdə çıxışı qadağandır, bəs Bakı sirkində?


Digərləri 24 Sen 2018 07:45:00 282 0

Bəzi ölkələrdə vəhşi heyvanların sirkdə çıxışı qadağandır, bəs Bakı sirkində?

Onlar təmiz bal, müxtəlif meyvə və giləmeyvələr, peçenyelər, qatılaşdırılmış südlə qidalandırılır.

Bakı. İlhamə İsabalayeva – Bəzi ölkələrdə vəhşi heyvanların səyyar sirklərdə çıxış etməsinə icazə verilmir. Avstriya, Boliviya, Meksika, Malta, İsrail, Peru, Sinqapur, Salvador, Kipr, Kosta-Rika, Slovakiya, Yunanıstan daxil olmaqla, ümumilikdə 19 ölkə səyyar sirklərdə vəhşi heyvanların iştirakına qadağa qoyub. Sonuncu dəfə isə Şotlandiya parlamenti səyyar sirklərdə vəhşi heyvanlardan istifadəni qadağan edən qərar qəbul edib. Azərbaycandakı yeganə sirk olan Bakı Dövlət Sirkinin (BDS) özünün heyvanları olmasa da, paytaxtımıza tez-tez başqa ölkələrdən sirklər dəvət edir. Təbii ki, onların arasında vəhşi heyvanların iştirakı ilə göstərilən nömrələr çoxluq təşkil edir. Bu isə o deməkdir ki, vəhşi heyvanlar Bakı Dövlət Sirkinin səhnəsində heç bir problem olmadan çıxış edə bilirlər. Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda vəhşi heyvanların sirkdə iştirakı ilə bağlı hər hansı qadağanın qoyulmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, MDB ölkələrinin heç birində sirklər üçün belə bir qadağa tətbiq olunmayıb. Bakı Dövlət Sirkinin stasionar sirk müəssisəsi olduğunu xatırladan M.Hümbətov qeyd edib ki, BDS-nin sirk artistləri və təlimçiləri yoxdur: “Bu da o deməkdir ki, Bakı Dövlət Sirkində heyvanlar yoxdur və onlar təlim olunmurlar. Biz Bakıya xarici ölkələrin sirklərini dəvət edirik. Ancaq nəzərə alaq ki, bəzi Avropa ölkələrində ümumiyyətlə stasionar sirk olmur. Bakı Dövlət Sirki isə stasionar sirk olduğundan burada heyvanların qarşılanması, saxlanması, yemlənməsi üçün lazımi şərait var”. O qeyd edib ki, indiyədək Bakı Dövlət Sirkində vəhşi heyvanların insanlara hücum etməsi halı qeydə alınmayıb: “Ancaq belə bir ehtimal ola bilər. Çünki nə qədər təlim keçilsə belə, heyvanlar çıxışlarında aqressiya göstərə bilər. Belə halların qarşısını almaq üçün nümayişdən əvvəl təhlükəsizlik tədbirləri görülür və tamaşaçı ilə heyvanlar arasında dəmirdən və ya ipəkdən olan xüsusi qoruyucu torlar qurulur. Bundan sonra heyvanlar səhnəyə buraxılır. Xaricdən dəvət etdiyimiz sirk təlimçiləri heyvanlara olduqca sevgi ilə yanaşırlar. Onlar bildirirlər ki, heyvanlara sevgi verməsən, onu təlimləndirmək mümkün deyil”.