Gəmi turizmini necə inkişaf etdirək?


Digərləri 23 Sen 2018 22:10:00 252 0

Gəmi turizmini necə inkişaf etdirək?

Xəzərdə kruiz marşrutlarının təşkili üçün böyük potensial var 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Sahilyanı ölkələr kruiz (gəmi) turizminin inkişafına böyük önəm verirlər. Okeana, dənizə çıxışı olan dövlətlər üçün bu tip marşrut hazırda turizm sənayesinin əsas gəlir sahələrindəndir. Coğrafi baxımdan qapalı hövzə olsa da, beş sahilyanı dövləti birləşdirən Xəzər dənizinin də başqa dənizlərə çıxmaq baxımından kruiz turizm imkanları mövcuddur. Ölkə başçısının "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamında yer alan məsələ, nəhayət bu yaxınlarda ilk nəticəsi ilə səyahətsevərləri sevindirəcək. Belə ki, Azərbaycan və Rusiya arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması iki ölkənin bu sahədə daha da yaxınlaşmasına təkan verəcək. Bu yaxınlarda istifadəyə veriləcək Bakı-Həştərxan gəmi marşrutu bu sahədə əməkdaşlığın təməlini qoyacaq. 

Kruiz səfərlərini turistlərin istirahəti üçün ən maraqlı proqram hesab edən ekspertlərin fikrincə, Xəzərin turizm potensialı büdcəni zənginləşdirəcək. Belə ki, Xəzərsahili kruiz səfəri üçün turistlərin cəlb ediləcəyi yerlər kifayət qədərdir. Xalqımızın zəngin mədəniyyətə malik olması, dənizdə çoxlu adaların mövcudluğu, təbiətin əsrarəngizliyi, dənizin özünün bioloji resursları, habelə zəngin enerji mənbələri, Neft Daşları şəhərciyi və s. kimi marağa səbəb ola biləcək resurslar mövcuddur.    Həştərxana gedən gəmi   Kruiz marşrutlarının ideya kimi müzakirə edildiyini deyən Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirir ki, hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə İpək yolu marşrutunu müzakirə edir: "Belə nəzərdə tutulub ki, bu marşrut bir neçə ölkənin ərazisindən keçmək şərti ilə tam olaraq fəaliyyətə başlayanda, ölkəyə bir milyona yaxın turist cəlb edəcək. Burda Xəzər vasitəsi ilə turistlərin gedib-gəlməsi də nəzərdə tutulur. Hazırda Xəzərin o tayından bu tayına mövcud nəqliyyat vasitələri ilə gedib-gələn turistlər var. Ancaq bu xidmətin daha da genişləndirilməsi, kommersiya cəhətdən turistlərə göstərilən xüsusi xidmət kimi nəzərdə tutulub". 

K.Quluzadənin bildirdiyinə görə, digər marşrutlar isə Rusiyanın iki vilayəti ilə - Dağıstan Respublikası və Həştərxan vilayəti ilə müzakirə olunur: "Yaxın vaxtlarda Həştərxan vilayəti ilə gəmi turizmi həllini tapacaq və Bakı-Həştərxan marşrutu fəaliyyətə başlayacaq. Rusiyanın bu vilayətləri ilə əlaqələrin daha da genişləndirilməsi nəzərdə tutulub. Həmçinin bu əlaqələrin təkcə su üzərində deyil, digər nəqliyyat növləri vasitəsi ilə də həyata keçirilməsi planlaşdırılır. Bunlar həm də tarixi marşrutlardır". 

Agentlik nümayəndəsinin sözlərinə görə, bu marşrutların işə düşməsi hər şeydən əvvəl turistlərin sayının artmasına kömək edəcək, regional turizm paketlərinin formalaşmasına təkan verəcək. Belə ki, turist turpaketlə səyahətini quranda, bir neçə ölkəni gəzməsi ona üstünlüklər verir. Bu məsələnin ən vacib tərəfi kommersiya ilə bağlıdır ki, marşrutlar turistlər üçün sərfəli olsun: "Bu marşrutlara ya özəl sektor, ya iş adamları maliyyə ayıranda sərmayənin rentabellik məsələsi də öyrənilir. Yəni biznes nöqteyi-nəzərindən sərf edən qərarlar olmalıdır". Azərbaycandan hər hansı bir turistik marşrutla, məsələn, Volqa-Don vasitəsi ilə dünya okeanına çıxmaq məsələsinə gəlincə, agentlik təmsilçisi bildirir ki, bu marşrutlar turizm nöqteyi-nəzərindən bir qədər qeyri-perspektivli görünür. Yəni bu marşrutların təşkili hələ müzakirə olunmur.   Turistlərin sayı artdıqca...   "SKAL İnternational Baku" klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası) sədri Ceyhun Aşurov kruiz marşrutlarının üstünlüyünü, həmçinin turistlərin bir neçə ölkəni gəzmək imkanı ilə əlaqələndirir: "Bu tip gəzintilər xüsusən okeana açıq olan marşrutlarda özünü daha açıq göstərir. Turizmin növ müxtəlifliyi baxımından turizm məhsulu kimi bu marşrutların hazırlanması faydalı olar. Çünki bu, Xəzəryanı qonşu ölkələr üçün də çox maraq yaradar. Hərçənd xüsusi bərələr vasitəsi ilə ölkələr arasında müəyyən mal daşınmaları həyata keçirilir. Məlumatlara görə, sovet dövründə müəyyən kruizlər də fəaliyyət göstərib. Hətta Bakı-Sumqayıt arasında, o cümlədən cənub rayonlarına gəmi marşrutları olub. Bu gün də bu marşrutların fəaliyyətə gətirilməsinə ehtiyac var".