Mənzil alarkən nəyə diqqət yetirilməlidir?


Digərləri 23 Sen 2018 21:20:00 240 0

Mənzil alarkən nəyə diqqət yetirilməlidir?

İnsanlar mənzil alarkən əsas etibarilə rahat və büdcələrinə uyğun ev axtarırlar və bəzi hallarda mühüm əhəmiyyət daşıyan məsələlərə o qədər də önəm vermirlər. Nəticədə isə ev sahibi gözlənilməz problemlərlə qarşılaşır. Vətəndaşlar ev alarkən əsasən hansı məqamlara diqqət yetirməlidirlər?

Son.az AZƏRTAC-a istinadən bu məsələ ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, memar Tərlan Əliyevin mütəxəssis rəyini oxucuların diqqətinə çatdırır.

Mütəxəssis hesab edir ki, ev alarkən, ilk növbədə, onun təmirli olması, metro stansiyası və avtobus dayanacağına, bazara, ictimai yerlərə, ticarət mərkəzlərinə, məktəbə, uşaq bağçasına, idman-əyləncə, yaradıcılıq mərkəzlərinə və magistral yollara yaxınlığı, həyətyanı sahəsi, yerləşdiyi ərazi və digər amillər əsas şərtlərdir.

Başlıcasi isə, evin sənədləri qaydasında olmalıdır ki, alıcı sonradan hər hansı problemlə qarşılaşmasın. Yəni, artıq seçdiyiniz evin sahibi ilə rəsmi müqavilə bağlanmalı, evin sizin adınıza keçirilməsi ilə bağlı sərəncam olmalıdır. Eyni zamanda, keçmiş ev sahibinin kommunal borclarının olub-olmaması da yoxlanılmalıdır.

Yeni çoxmərtəbəli binalarda isə çıxarışla təqdim olunan mənzilə üstünlük verilməlidir. Yeri gəlmişkən, bu həm də yeni tikililərdə mənzil alan müştəriləri ən çox narahat edən məsələlərdən biridir. Çıxarışın olması müştərinin mənzilin tək sahibi olduğunu göstərməklə yanaşı, mənzilin bütün tikinti normalarına uyğun olduğunu və dövlət qurumları tərəfindən yoxlanıldığını və onun razılığının verilməsini sübut edir.

Mütəxəssisin fikrincə, binanın hansı tikinti şirkəti tərəfindən tikildiyini bilmək, onun əvvəlki layihələri ilə yaxından maraqlanmaq da önəmlidir.

Hazırda ölkəmizdə inşaat sektorunda əsl canlanma müşahidə olunur. Təsadüfi deyil ki, son illərdə tikilən evlərin keyfiyyəti artıb, müxtəlif konsepsiyalı layihələr həyata keçirilir. Tikinti şirkətləri biri-birindən cəlbedici şərtlər təklif etdiyindən, potensial alıcı üçün seçim etmək xeyli çətinləşib. Ayda cəmi 200-350 AZN-dən başlayan, ilkin ödənişsiz, 20 illik ipoteka, faizsiz kredit kimi təkliflər də şübhəsiz ki, hər kəs üçün maraqlıdır.

Qeyd edildiyi kimi, tikinti şirkətləri müştərilər üçün maraqlı təkliflər edirlər ki, onların biri də mənzilin ipoteka ilə alınmasıdır. Lakin bir çox hallarda bu təkliflər müştəri istəkləri ilə üst-üstə düşmür. Odur ki, ipoteka şərtlərini düzgün analiz etmək tövsiyə olunur. Bunun üçün bəzi məqamlara diqqət yetirmək zəruridir.

Mənzil həm ipoteka, həm də ki, nağd alış zamanı icbari sığortalanmalıdır. Yaşayış binasında insan həyatı üçün ən rahat və sağlam şərait olmalıdır. Bunun üçün tikili yerinin iqlim xüsusiyyətləri də diqqətlə nəzərə alınmalıdır.

Mənzil alarkən sanitar-gigiyena şəraitinin müasir tələblərə uyğunluğu və tikililərin yanğın təhlükəsizliyi nəzərdən qaçmamalıdır.

Yaşayış binaları arasında məsafələr insolyasiya (ümumi günəş radiasiyası axını), işıqlanma və yanğın təhlükəsizliyi ilə bağlı tələblərə cavab verməlidir. Həmçinin 2-3 mərtəbəli yaşayış binalarının ön və ya arxa fasadları arasında məsafə 15 metrdən, 4 mərtəbəlilərdə 20 metrdən, binaların ön və ya arxa fasadları və yaşayış otaqlarında pəncərələri olan yan divarları arasında məsafə isə 10 metrdən az olmamalıdır.

Həyətlərdə istirahət və uşaqlar üçün oyun meydançalarının olub-olmadığına diqqət yetirmək lazımdır. Pilləkən qəfəslərində giriş qapıları binanın çıxış hissəsinə, mənzillərə giriş qapıları isə pilləkənlərdən içəri açılmalıdır. Eləcə də, 10 və daha çox mərtəbəli yaşayış binalarında əlavə yanğınsöndürmə tədbirləri nəzərdə tutulmalıdır. Tikinti qanunvericiliyinə əsasən belə evlərdə ikidən az olmayaraq təxliyə yolları (iki adi pilləkən) və yaxud "tüstülənməyən pilləkənlər" olmalıdır.

Pilləkən qəfəslərinin tüstülənməməyi lociyalar və balkonlar tipində açıq hava zonası ilə təmin edilməlidir. Pilləkənə bütün mərtəbələrdən çıxış yalnız tambur vasitəsilə həyata keçirilir, pilləkən qəfəsinin bir divarı isə balkon və ya lociyaya açılır, bu da tüstünün binanın başqa mərtəbələrinə yayılmasının qarşısını alır.

Çoxmərtəbəli evlərdə təxliyə yollarının tüstülənməməsinə zəmanət verən başqa üsullar da var. Məsələn, pilləkən qəfəsinə tüstünün daxil olmasının qarşısını alan süni hava dirəyinin yaradılması, soyuq şlüzlə qovuşan "çıxarılan pilləkənlər" və s.