Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə iştirak edib (FOTO)


Digərləri 22 Sen 2018 21:46:45 186 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə iştirak edib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 22-də Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 22-də Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib. Beynəlxalq Sülh Gününün təsis olunması tarixi və əhəmiyyətindən danışan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirdi ki, bu il Beynəlxalq Sülh Günü “Sülh hüququ: Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 70 illiyi” devizi altında keçirilir. O, ölkəmizdə də bu günün hər il yüksək səviyyədə qeyd olunduğunu bildirib. Nazir vurğulayıb ki, Beynəlxalq Sülh Günü ilə əlaqədar Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə hər il 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” keçirilir. Bu ay çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də müvafiq tədbirlər təşkil olunur. Sahil Babayev dövlətimizin başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda, mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran bir dövlət olduğunu vurğuladı. Nazir, həmçinin ölkəmizdə sosial ədalət prinsipinə söykənən əmək və sosial hüquqlar sisteminin bərqərar olduğunu qeyd etdi. O bildirdi ki, insan hüquqlarının vacib tərkib hissəsi olan əmək və sosial hüquqlar sistemi daim mütərəqqi dünya təcrübəsinə əsasən təkmilləşdirilir. Nazir dedi ki, yeni qəbul edilmiş “Əlilliyi olan şəxslər haqqında” Qanun fiziki məhdudiyyətli vətəndaşlarımızın hüquqlarının müdafiəsi sahəsində beynəlxalq təcrübəni əks etdirməkdədir. Ölkəmizdə əlilliyi olan şəxslər üçün bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi, fərdi reabilitasiya proqramının icrası istiqamətində işlər aparılır. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Beynəlxalq Sülh Gününü təsis edən BMT tərəfindən bütün dünya dövlətlərinə sülhyaratma proseslərinin önündə getməyin, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmanın tövsiyə olunduğunu vurğuladı. O, insan hüquqlarının təmin olunmasının yalnız sülh şəraitində mümkünlüyünü vurğulayaraq, torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkəmiz üçün sülh mövzusunun önəmli olduğunu diqqətə çatdırdı. Elmira Süleymanova Dağlıq Qarabağ münaqişəsi ilə üzləşən xalqımızın sülh mövzusuna həssas yanaşdığını deyərək, belə tədbirlərin sülh mövzusunun təbliğinə təkan verdiyini bildirdi. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai BMT ilə Azərbaycan arasında insan hüquqlarının qorunması istiqamətində səmərəli əməkdaşlığın qurulduğunu vurğuladı. Bildirdi ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən 70 il keçməsinə baxmayaraq, bu gün də bu istiqamətdə səmərəli işlər görülərək maarifləndirmə aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan əl işlərindən ibarət sərgiyə baxdı.