Kriminal dəstənin film kimi cinayətləri


Digərləri 22 Sen 2018 14:44:00 335 0

Kriminal dəstənin film kimi cinayətləri

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilənlər - Kamal Fərhadov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Elçin Aslanovun məhkəməsi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Prokuror ittiham aktını elan edib. Belə ki, E.Aslanov 2017-ci il mayın 12-də S.Şəfiyevlə birlikdə Qəbələ rayonunda yaşayan Çiçək Məmmədovanın mal tövləsinə gizlicə girərək orada gizləniblər. Bir gün sonra, mayın 13-də Ç.Məmmədova evdən çıxdıqdan sonra tövlədən çıxaraq evə giriblər və oradan 3 min manatlıq qızıl üzük və boyunbağı götürüblər.

Mayın 26-da Elçin, Kamal və Səyavuşla birgə Binəqədi rayonunda yaşayan Azər Məmmədovun evinə giriblər. Onlar yaşlı kişi olan Azərə bıçaqla xəsarət yetirib ayaqlarını "skoç"la bağlayıblar. Daha sonra evdən 2352 manat pul və 3 min manat dəyərində qızıl aparıblar.

İyunun 14-də isə Ramillə Kamal Xətai rayonunda yaşayn Maksimov Yuri Aleksandroviçin evinə girib, onu girov saxlayaraq oradan 13 min manatlıq pul və qızıl aparıblar.

Oktyabrın 22-də Səyavuşla Kamal Bakıda yaşayan Viktor Məmmədovun evinə qonşu adı ilə girib oradan 3375 manatlıq quldurluq ediblər.

İttihama münasibət bildirən şəxslər özlərini qismən təqsirli biliblər. Onlar pulun miqdarının şişirdildiyini deyiblər və bıçaqdan istifadə etmədiklərini, zərərçəkmişlərə fiziki təzyiq göstərmədiklərini deyiblər. Amma quldurluq etdiklərini etiraf ediblər.

Zərərçəkmiş Azər Məmmədov deyib ki, Kamal onun xalası oğludur: "Hadisədən bir-iki həftə əvvəl yoldaşım vəfat etmişdi. Kamal gəlib başsağlığı verdi, sonra getdi. Ardıyca Elçinlə Səyavuş gəldi, uzaq qohumum olduğunu dedilər. Mən də qohumlarla çox əlaqə saxlamadığım üçün əksəriyyətini tanımıram. Nəysə, evə girdilər, yoldaşımın ölümünə görə məni danlamağa başladılar ki, guya mənim günahımdan ölüb. Bu söhbət xoşuma gəlmədi, dedim durun gedin. Üstümə hücum edib məni təpiklə vurub yerə yıxdılar. Elçin ayağımı "skoç"la bağladı, əllərim açıq qaldı. Elçinin əlində bıçaq var idi. Bu vaxt Kamal da evə girdi, başladılar axtarmağa. Tapdıqları şeyləri götürəndən sonra çemodanı mənə verdilər. Orda bir cib var idi, əlimi saldım ki, görüm pulun hamısını götürüblər, ya yox. Ordan 500 manat çıxdı, onlar görməmişdilər. Həmin pulu da məndən aldılar. Amma sənədlərə dəyməmişdilər, hamısı yerində idi. Rəhmətlik yoldaşımın mənə bağışladığı üzüyü də apardılar. İndi də apardıqlarını qaytarmalarını tələb edirəm".