Yaşar Bəşirov: "Azərbaycan Prezidentinin dəstəyi ilə karate Olimpiya Oyunlarında 20 idman növündən biri oldu"


Digərləri 22 Sen 2018 14:29:00 432 0

Yaşar Bəşirov: "Azərbaycan Prezidentinin dəstəyi ilə karate Olimpiya Oyunlarında 20 idman növündən biri oldu"

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, "Şöhrət" ordenli, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar idman ustası, Milli Olimpiya Komitəsinin üzvü, 8-ci dan qara kəmər sahibi Yaşar Bəşirovun Trend-ə müsahibəsi:

- Yaşar müəllim, karate yığmamızın hazırlıq səviyyəsini necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, idmançı hər zaman formada olmalıdır və nəzərə alsaq ki, qarşıdan Olimpiya Oyunları gəlir, bir gün belə itirmək olmaz. Bizim hər bir idmançımızda potensial var. Biri var ki, insan hansısa səviyyəyə çatsın və bitsin, biri də var ki, o, durmadan inkişaf etsin. Bu inkişaf bizim idmançılarımızın hər birində müşahidə olunur.

Bu gün 10-dan artıq karateçimiz ən güclü 50 idmançı sırasına, 5-i isə ilk 10-luğa düşüb, onlardan 3-ü reytinqin lideridir. Fikrimcə, 10-luğa daxil olan idmançılar Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazana biləcək ilk şəxslərdir.

Bir şeyi də qeyd edim ki, dünyanın bir nömrəli karateçisi (Rafael Ağayev - red.) bizdədir. Ölkəmizdə karatedən başqa elə bir idman növü yoxdur ki, dünyanın bir nömrəli idmançısı Azərbaycanda olsun. Ona görə də karatedə hazırlıq səviyyəsi həmişə yüksəkdir.

- Dövlətimizin karate idman növünə göstərdiyi diqqət və qayğı barədə nə deyə bilərsiniz?

- İlk növbədə onu qeyd edim ki, məhz ölkə Prezidentinin dəstəyi və köməyi ilə Avropa Oyunlarında 20 idman növündən biri karate oldu. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda keçirilən Avropa Oyunları zamanı iki gün karate yarışlarını izlədi və gördü ki, Avropa Oyunları kimi mötəbər idman yarışında karateyə necə yanaşılıb. Bu Oyunlardan sonra anladı ki, Olimpiada karatesiz keçirilə bilməz.

Avropa Oyunları karate idman növünün inkişafı üçün böyük bir təkan oldu. Bunu tək mən demirəm, bunu Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinos da bildirib. Karate Olimpiya Oyunlarına daxil edilərkən biz gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə birgə həmin tədbirdə idik. Tədbirdən sonra biz Antonio Espinosa təbriklərimizi çatdıranda o qeyd etmişdi ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində bu qərar qəbul edildi, çünki ilk Avropa Oyunları karateyə böyük dəstək və təkan verdi.

- Bildiyimiz kimi, bu yaxınlarda Berlində keçirilmiş Karate 1 Premyer Liqasından idmançılarımız medallarla döndülər. Sizcə, karateçilərimiz üçün ən çətin görüş hansı oldu?

- Ümumiyyətlə, bu turnirdə asan görüş yox idi. Fikrimcə, ən çətin görüş Rafael Ağayevin yapon idmançı Ken Nişimura ilə yarımfinal döyüşü oldu. Bundan əvvəl Rafael həmin idmançıya üç dəfə uduzmuşdu, ancaq bu dəfə idmançımız ona 2:0 hesabı ilə qalib gəldi.

Bundan başqa, komandanın kapitanı, Şahin Atamovun 1/4 finalda fransalı idmançı ilə görüşü çox çətin oldu. Düzdür, Şahin sonra yer tutmadı, rəqibi çox güclü olmasından əlavə, hakimlər ona qarşı haqsızlıq etdilər. İrina Zaretskanın da görüşləri çox yaddaqalan və çətin oldu.

- Azərbaycan gənclərinin karateyə marağı hansı səviyyədədir?

- Təbii ki, Azərbaycanda idmana həvəs həmişə olub. Bu gün karateyə maraq ölkədə çox yüksək səviyyədədir. Düzdür, vaxt olub ki, bu maraq bir qədər azalıb, o da onunla bağlı idi ki, bir müddət karate bir neçə yerə bölündü, növlər artdı və hər kəs özünə uyğun olanı seçdi. Ancaq az müddət keçəndən sonra 1997-ci ildən üzvü olduğumuz Dünya Karate Federasiyasının idman karatesi istiqaməti Olimpiadaya daxil edildi və bizim istiqamətə maraq çox gücləndi.


Xəbərə aid fotolar