Azərbaycanın qanunvericilik bazası ən yüksək meyarlara cavab verir


Siyasət 22 Sen 2018 07:00:00 254 0

Azərbaycanın qanunvericilik bazası ən yüksək meyarlara cavab verir

"Dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə Azərbaycan parlamentinin 100 illik yubileyi ilə əlaqədar xüsusi iclasın keçirilməsinin böyük siyasi əhəmiyyəti vardır".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev Son.az-a açıqlamasında bildirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşımızın formalaşmasında müstəsna əhəmiyyət kəsb edir: "AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan verib. Ümumiyyətlə, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. Bu gün isə Azərbaycan Respublikası AXC-nin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini uğurla həyata keçirir və sürətlə inkişaf edir. Müasir Azərbaycan Respublikası beynəlxalq birliyin etibarlı üzvü kimi qəbul olunub, dünya birliyinə inteqrasiya yolunu uğurla keçib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan çox sürətlə inkişaf edərək iqtisadi inkişaf sürətinə görə dünyada lider dövlətlərdən birinə çevrilib.

AXC-nin Azərbaycanın dövlətçilk tarixindəki rolu isə daim xatırlanır. Prezidentin 2017-ci ilin 16 may tarixində AXC-nin 100 illik yubileyi haqqında imzaladığı Sərəncam buna bariz nümunədir. 2018-ci ilin "Cümhuriyyət ili" elan olunması, Milli Ordunun yaranmasının, eləcə də Bakının daşnak-bolşevik işğalından azad olmasının 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi paradlar, Mili Məclisin 21 sentyabr 2018-ci il tarixdə keçirdiyi təntənəli xüsusi iclas bir daha deməyə əsas verir ki, Azərbaycan Respublikası AXC-nin layiqli, sədaqətli varisidir.

Bu təntənəli xüsusi iclasın keçirilməsi, iclasda parlament sədrlərinin, parlament sədrləri müavinlərinin rəhbərliyi ilə xarici ölkələrdən çoxsaylı nümayəndə heyyətlərinin, bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı böyük siyasi əhəmiyyət daşıyır və Azərbaycanın yüksək beynəlxalq nüfuzundan xəbər verir".

Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda iştirak edib - FOTO   R.Əliyev qeyd edib ki, bu tarixin bir parçası kimi Azərbaycan parlamenti də şərəfli bir yol keçib: "1918-ci il may ayının 28-də Zaqafqaziya Seymində Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da Azərbaycanın ilk parlamenti yarandı və ilk parlamentli respublikanın əsası qoyuldu. İlk parlamentimiz ölkənin idarə olunmasını öz üzərinə götürdü və tarixi İstiqlal Bəyannaməsini qəbul etdi. Parlament fəaliyyət göstərdiyi dövrdə müzakirəyə 270-dən çox qanun layihəsi çıxarıldı, onlardan 230-a yaxını qəbul olundu. Milli Şuranın davamçısı olan Milli Məclisi isə bu gün ölkədə qanunvericilik bazasının formalaşmasında müstəsna rola malikdir. Hazırda Azərbaycanda parlamentarizmin yüksək səviyyədə olmasının nəticəsidir ki, Azərbaycanın qanunvericilik bazası ən yüksək meyarlara cavab verir".

Qeyd edək ki,  21 sentyabr 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları iştirak edib və böyük nitq söyləyib. Təntənəli iclasda 20-dən çox ölkənin parlament sədrləri və parlament sədrləri müavinləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də daxil olmaqla ümumilikdə 150-dən çox nümayəndə iştirak edib.

İlkin İzzət Son.az