Dövlət komitəsi Aşura mərasimləri ilə bağlı monitorinqlərin nəticələrini açıqladı


Digərləri 21 Sen 2018 17:44:00 245 0

Dövlət komitəsi Aşura mərasimləri ilə bağlı monitorinqlərin nəticələrini açıqladı

Bu il "Aşura" mərasimləri müvafiq qanunlar çərçivəsində, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəbul etdiyi fətvaya uyğun olaraq keçirilib.

Son.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov Trend-ə bildirib ki, komitə tərəfindən hazırlanan Tədbirlər planına uyğun olaraq cari ildə Aşura mərasimlərinin sivil, milli adət-ənənələrimizə uyğun formada təşkili istiqamətində həm QMİ, həm yerli icra, həm də hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər həyata keçirilib.

S.Heydərov vurğulayıb ki, aparılmış monitorinqlər, daxil olmuş məlumatların ümumi təhlilinin ilkin nəticələrinə əsasən, qeyd etmək olar ki, bu il Aşura mərasimi ümumilikdə sabit keçib, ciddi pozuntuya yol verilməyib.

Komitə rəsmisinin sözlərinə görə, bəzi yerlərdə qeydə alınan kiçik neqativ hallar mərasimlərin ümumi gedişatına təsir göstərməyib, belə ki, qısa müddətdə onların aradan qaldırılması istiqamətində tədbirlər görülüb:

"Bu il xurafat və mövhumat elementlərini özündə ehtiva edən qançıxarma halları müşahidə olunmayıb, fərdi şəxslərin zəncirvurmaya cəhd hallarının qarşısı isə vaxtında alınıb. Ümumiyyətlə qeyd edək ki, məzhəbindən asılı olmayaraq bütün müsəlman alimləri zəncir vurmaq, baş yarmaq kimi bədənə xəsarət yetirən əməlləri qətiyyətlə pisləyib, eyni zamanda bunu İslamın gözdən salınmasına, İmam Hüseyn əzadarlığının hörmətdən düşməsinə təsir göstərən amil kimi vurğulayaraq, belə günah əməllərdən çəkinməyə çağırıblar".