Narkoloji Mərkəzdəki yanğınla bağlı məhkəmədə şahid: Ayaqyalın, başıaçıq çıxmışdıq


Digərləri 21 Sen 2018 17:32:43 221 0

Narkoloji Mərkəzdəki yanğınla bağlı məhkəmədə şahid: Ayaqyalın, başıaçıq çıxmışdıq

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi qismində ifadə verən Arzu Rzayev bildirib ki, hadisə vaxtı oğlunu itirib: "Oğlum Əkbərin ağciyərində problem vardı. 10 günlük müalicəyə getmişdi. Yanğından iki gün qabaq özümüz xəstəxanaya yerləşdirdik. Hadisə barədə saytlarda gördük. Mərkəzə getsək də, oğlumu tapa bilmədim. Morqdan zəng gəldi, dedilər oğlunuz burdadır. Oğlum ailəli idi, 5 aylıq uşağı var. Təqsirləndirilən şəxslərin heç birini tanımıram. Həkimi Azad idi". Prosesdə ifadə verən digər zərərçəkən Əsgərxan Ələkbərov isə bildirib ki, hadisə vaxtı oğlu İsmayılı itirib: "Əvvəllər narkotik istifadəçisi olub, türmədə yatıb. Ona kimsə demişdi, orada müalicə olunsa, kökələcək. Getmişdi ki, zəhrimarlar canından çıxsın. Lakin hadisə zamanı dünyasını dəyişdi". Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Elxan Hüseynov isə qeyd edib ki, hadisə vaxtı mərkəzdə müalicə olunub: "Afət xanımı, Mamedi tanıyıram. Fevralın 26-da getmişdim. Narkotik istifadəçisi idim, həkimim Azad həkim idi. Elnur adlı oğlanla 6-cı palatada qalırdım. Həmin vaxt o məni oyatdı. Səhərə yaxın idi. Bizim palataya qədər yanğın gəlib çıxmışdı. Ayaqyalın, başıaçıq çıxmışdıq. Amid neçə nəfərə kömək elədi. Dərmanlara görə halsız idik. Palata yoldaşım, başqa uşaqlar danışırdı ki, Məhəmməd hirslənib dərman verilmədiyinə görə. Ancaq mən özüm onun hansısa aqressivliyini görməmişəm. O binanın iki qapısı vardı. Bir qapını açdılar. O biri bağlı idi. Həm də o tərəf çox alovlanmışdı. Ən çox yanan o tərəf idi". Proses sentyabrın 28-də davam edəcək. Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.