Azərbaycanlı aktyor: Şəhərdəki “qaqa”ları azaltmaq lazımdır


Şou-biznes 21 Sen 2018 16:20:00 287 0

Azərbaycanlı aktyor: Şəhərdəki “qaqa”ları azaltmaq lazımdır

Son.az oxu.az-ın "İkinci pərdə" filmi ilə müzakirə olunan aktyor Qorqud Cəfərlə müsahibəsini təqdim edir:

- Çəkildiyiniz filmlərdə, bəzi fotosessiyalarda ağlamısınız. Kişilər üçün ağlamaq ikiqat çətindir. Həmin səhnələrdə hansısa vasitədən istifadə edirsiniz, ya özünüz ağlayırsınız?

- Mənim gözümdə xəstəliyim var. Ümumiyyətlə, üz orqanlarımda çox problem var. Küləkli havada gəzəndə gözümdən su gəlir, ağlamağa başlayıram. Bir də gün işığı və çəkiliş zamanı istifadə olunan işıqlar gözlərimə pis təsir edir. Bu da mənə çəkilişlərdə rahat ağlamağa kömək edir.

- İlk dəfə 2007-ci ildə "Kuklalar" filminə çəkilmisiniz. Aradan 11 il keçib. Bir aktyor kimi sizdə hansı dəyişikliklər sezilir?

- "Kuklalar" mənim üçün doğmadır, əzizdir. Ancaq bu illər ərzində təcrübə yığmışam. Həm müəllimlərimdən, həm də filmlərdə birgə çəkildiyim aktyorlardan çox şey öyrənmişəm. Amma hər bir filmimdən sonra fikirləşmişəm ki, daha yaxşısını edə bilərdim. Bu variant elə həmişə var. Bunu hər kəs deyir ki, daha yaxşısını edə bilərdim. Həmişə narazı qalmalısan ki, inkişaf edəsən.

- Əvvəllər teatrlarda daha çox çıxış etmisiniz, ancaq indi bu sahədən uzaqsınız.

- Hazırda "Çıxış" teatrı ilə çalışırıq. Yeni tamaşamız olacaq. Teatr fəaliyyətim məktəb vaxtından başlayıb. "İbrus" teatrında beş il çalışdım. Bağlanandan sonra cəmi üç gün Gənc Tamaşaçılar Teatrında işlədim və bir daha oraya ayaq basmadım.

- Səbəb?

- Teatrda sənətlə məşğul olmaq lazımdır. Ancaq səhnəarxası çox problemlər çıxır. Beş il "İbrus" teatrında bir dəfə də olsun, qrim otağına girməmişəm. Mənə aktyorlar arasında olan söz-söhbət lazım deyil. O mübahisələri, paxıllıqları görürəm, mənə çox pis təsir edir. Düzdür, bunlar həmişə olub, olacaq da. 

- Son zamanlar bir neçə aktyor var ki, teatrlardan qaçır. Bunun da səbəbi, yəqin ki, həmin sənət ocaqlarında Sovet təfəkkürü ilə formalaşıb və onu hələ də davam etdirən insanların olmasıdır. Ocaq necə yanırsa, onun üzərinə atılan kiçik odunlar da onun kimi yanmağa başlayır.

- Bəli, onlardan qaynaqlar. Mən heç vaxt həmin odunlardan olmaq istəməmişəm. Səhnədə obraz üstündə dalaşırlar. Hansı ki, heç biri o obraza uyğun deyil. Nə görünüşü, nə də səs tembri. Bu obraza yaraşan, onu bacaran oynasın. Ona görə teatrdan uzaqlaşmışam. Xoşuma gəlir ki, festivallar, enerjili tamaşa və tamaşaçılar olsun.

- Bizim aktyorların dünyaya çıxa bilməməsinin səbəbi nədir?

- Çoxunun məişət problemləri var. Ona görə ölkədən kənara çıxıb, inkişaf edə bilmirlər. Mən də valideynlərimi qoyub gedə bilmirəm. Vacib məsələlərdən biri də dil problemidir. Baxırsan, deyir ki, mən "Oskar" alacağam, amma ingilis dilini bilmir. Qurban sənə, ingilis dilini öyrən, sonra "Oskar" alarsan (gülür).

- Sonuncu çəkildiyiniz "İkinci Pərdə" filmindəki performansınız insanlar tərəfindən çox bəyənildi. İctimai qınaqlardan qorxmadınız?

- Cəmiyyətin qınağından qorxmuram. Hiss etdiyim şeyi düzgün sayıram.

- Bu rola görə valideynlərinizin sizə qarşı reaksiyası necə oldu?

- Atam dedi ki, bir də belə rollara çəkilmə. Amma məndə çərçivə yoxdur. Təbii ki, söhbət keyfiyyətli işlərdən gedir. Şou xətrinə, hamı məndən yazsın deyə, çərçivədən çıxmaram.

Görmüşəm ssenari gözəldir, demişəm ki, çəkilmək lazımdır. Hiss etmişəm ki, bunu edə bilərəm, öhdəsindən gəlməyə çalışmışam.

- Deyirlər ki, zəiflər müharibə edir, güclülər isə müharibəyə yol vermir. Bu fikirlə razısınız?

- Bəli, bu fikirlə razıyam. Belə bir söz də var: Ağıllı insan düşdüyü vəziyyətdən çıxır, müdriklər isə bu vəziyyətə düşmür (gülür).

- Bəs siz kiminlə müharibə edirsiniz?

- Özümlə müharibə edirəm.

- Nə uğrunda?

- Heç kimin hələ də tapa bilmədiyi həqiqət uğrunda.

- Sizin üçün həqiqət nədir?

- Hələlik tapmamışam, tapanda danışarıq (gülür).

- İnsanlar daha çox pul çatışmazlığından gileylənir, sizcə, puldan daha çox nədən gileylənməlidirlər?

- İnsanlar sevgi almaqdan, verməkdən, isti münasibətdən gileylənməlidir. Hansı ki, yoxdur. Puldan da ona görə gileylənirlər ki, yaşamaq lazımdır, qidalanmaq lazımdır. Amma mən puldan gileylənmirəm. Allah valideynlərimin canını sağ eləsin. Düzdür, indi deyəcəklər 28 yaşı var, özü qazanmalıdır. Amma mən həyatımı tamam başqa cür yaşayıram.

- Valideynlərinizin hesabına yaşayırsınız?

- Yox, təbii ki. Filmlərə çəkilirəm, qazandığım pulu aparıb evə verirəm. Mənə qalan isə çəkilişdən aldığım zövq olur. Ona görə çox vaxt işləmək istəmirəm. Heç vaxt pulu fikirləşmirəm. Çünki insanı dəyişir. Adam hiss etmir, ancaq mühitin, cəmiyyətin ona qarşı münasibəti dəyişir.

- Qarşısındakı onu böyüdür deyə, o da başlayır "böyüməyə"...

- Bəli, bu da pulun dəyərindən asılıdır. Neçə dəfə görmüşük sən zala girmisən, bir dənə pullu gəlir deyə, onu aparıb başa keçirirlər. Sən isə qalırsan amfiteatrda. Amma sizə deyim ki, hər şey amfiteatrdan daha aydın görünür (gülür).

- Köhnə filmlərimizdə cəhalət daha çox tənqid olunur, indiki filmlərimizdə bunlar niyə azdır?

- Ssenaristlər yoxdur və bir-birini başa düşən insanlar bir yerdə işləmir. Baxırsan, çox istedadlı insanlardır, ancaq komanda şəklində çalışmağı bacarmırlar. Komediyanı isə çəkmək çox asandır, rahatdır. Bizdə hamı komediya çəkə bilir.

- Hansı ki, o çəkilən filmlərdə peşəkar aktyorlar yox, marketinq baxımından istifadə olunan simalar var. Bu, sizi narahat etmir?