Lütfən, qocalarımız daha çox yaşasın


Digərləri 21 Sen 2018 11:59:00 188 0

Lütfən, qocalarımız daha çox yaşasın

Bir dəfə yaşlı bir kişiylə söhbətimiz zamanı dedi ki, hər məmləkətdə biz qocalara olan hörmət aldığımız pensiyaya uyğundur.

Sonra sağ əlini havaya qaldırdı, qəribə bir simmetriyayala salladı aşağı. Bununla ona verilən dəyərin, qoyulan hörmətin, əməkliliyə münasibətin necə azaldığını göstərirdi.

Qocanın sözləri məni tədirgin elədi. Bütün günü pul haqqında düşündüm. İndiyədək fərqində olmadığım qayğılar, narazılıqlar çulğadı içimi. Həmin gün həmişəkindən 2 dəfə çox siqaret çəkdim, 4 dəfə çox çay içdim. Əhvalım düzəlmədi. Həm də əmin oldum ki, çox düşünmək adamı daha çox xərcə salır. Fikirdən qoşa barmaqla cütləyib sümürdüyün siqaretlərin sayı artır, qaynar sallama çayla dolu fincan tez-tez boşalır. Həm özün xərclənirsən, həm də pulların.

Ənənə belədir ki, bir ölkədəki adi bir göstəricini uyğun gəldi gəlmədi, yaradı yaramadı, digər ölkələrdəkilərlə müqayisə edirlər. Balaca, həlli asan sosial problem bilərəkdən şişirilib XIX əsrdə ABŞ-da zəncilərə olan münasibətlə eyni müstəviyə itələnir. Nəticədə, insanlar öz problemlərinin izafi dəyərini, nisbi çəkisini, mənəvi yükünü zəncilərin azadlıq mübarizəsi böyüklükdə, döyüşkən şotlandların bir vaxtlar ac qalmamaq üçün dəridən-qabıqdan çıxdıqları fədakarlıq genişlikdə olduğunu zənn edirlər. Sosial ara qarışır.

Yaş artdıqca pula, maddi düzənə olan ehtiyacın çoxalmasısa tamam başqa məsələdir. Ciddi sosial-fəlsəfi əsasları var. Bu isə birbaşa pensiyanın, "qocalıq pulu"nun dəyərindən asılıdır. Qocalar üçün daha çox pul daha çox yaşamaq deməkdir. Daha çox sevinmək, ümidlənmək, ürəyi gücə, beyni zora salmamaq deməkdir. Aptekə valerian, sakitləşdirici həblər almaq üçün getməyin əvəzinə piylənməni azaldan dərmanlar almaq üçün yollanmaqdır. Metroda əli əsə-əsə, utana-utana hər hansı gəncə yaxınlaşıb "məni də keçirərsən?" sualının əvəzinə 20 manatlığı inamla kartına yükləyib tanımadığın tələbələri metrodan keçirmək həvəsidir. Bəli, pensiyanın, təqaüdün çoxluğu yaşlılar üçün ən həyati əlamət olan həvəsi artırır. Özü də yaşam həvəsini. Uzun illər əvvəl rayona ərə verdiyin qızının evinə gözükölgəli getmirsən, kasıb kürəkəninə əl tutursan. İşsiz oğlunun günlük xərclərini ödəyirsən. Çayxanaya vaxtını öldürməkçün yox, ümidlərini yaşatmaqçün gedirsən.

Çoxlu pul (pensiya) həm də hərəkət deməkdir. Fəaliyyətdir. Yaşlı insanlara isə ən vacib olan da budur. Mümkün qədər çox yerimək. Özü də xırda addımları əlamətdar nizamla, şövqlə atmaq ayrı bir xoşbəxtlikdir.