Bəraət alan "Falçı Səkinə" ilə bağlı yenidən məhkəməyə müraciət edilib


Sosial 21 Sen 2018 09:48:31 253 0

Bəraət alan "Falçı Səkinə" ilə bağlı yenidən məhkəməyə müraciət edilib

Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın barəsində olan hökmdən zərərçəkmiş tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqisrləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.

Xatırladaq ki, zərərçəkmiş Təyminə Abdullayeva barəsində əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb. B.Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb, pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərək ona 890 min manat məbləğində ziyan vurub.

B.Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda hotelinin, ticarət obyektlərinin olduğu bildirilir. B.Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

T.Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını S.İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat pul alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, "Falçı Səkinə" onun pullarını və əmlakını ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

T.Abdullayevanın işi davam edən ərəfədə S.İsmayılova da həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İsmayılovaya bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökümdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib.