Serialda özündən 12 yaş böyük qadınla EŞQ YAŞAYAN azərbaycanlı aktyor: "Qohumlar arasında dava düşür" FOTO


Kriminal 21 Sen 2018 04:30:00 447 0

Serialda özündən 12 yaş böyük qadınla EŞQ YAŞAYAN azərbaycanlı aktyor: "Qohumlar arasında dava düşür"  FOTO

"Serial aralarında 12 yaş fərqi olan 2 insanın məhəbbət hekayəsindən danışır. Oynadığım qəhrəmanın adı Camaldır. Camalın atası yoxdur, ailəsini anası ilə birlikdə o saxlayır. Ailədə 2 bacını bu qardaş böyüdüb, onlara ata əvəzi olub. Bir gün Camal özündən 12 yaş böyük xanıma vurulur. Bütün hadisələr bu mövzunun ətrafında cərəyan etməyə başlayır. Daha sonra qohumlar arasında dava düşür və böyük mübahisələr yaranır. Qısası, qırğınlar olacaq..."

Son.az bildirir ki, bu sözləri reper və "Vicdan haqqı" serialının Vüsalı kimi tanınan, Rus dram Teatrının gənc aktyoru İbrahim Çingiz publika.az-a verdiyi müsahibəsində deyib.

- Özünüzü Azərbaycanın tələb olunan aktyoru hesab edirsiniz?

- Razılaşsam, deyəcəklər ki, özündənrazıdır, razılaşmasam da başqa bir irad bildirəcəklər. Hər halda aktyorluq fəaliyyətinə başladığım üç il ərzində boş dayanmamışam. İki mövsüm "Vicdan haqqı" serialında çəkilmişəm, eləcə də Rus Dram Teatrında çalışıram. Teatrda "Təhminə və Zaur" tamaşası oynanıldı və baş rol mənə verildi. "Könül yarası" serialında əsas qəhrəman kimi çıxış edəcəyəm. Layihə sentyabrın 21-də ARB kanalında efirə gedəcək. Bütün bunlar göstərir ki, hazırda mənə tələbat var.

- Sizcə, hansı xüsusiyyətləri aktyora tələbat yaradır?

- İlk növbədə əlbəttə ki, istedadı. Əslində indiki dövrdə hər bir reytinq instaqrama bağlıdır. Rejissor yeni layihə üzərində çalışanda aktyorların instaqram səhifəsini nəzərə alır. Əgər aktyorun instaqramda izləyicisi çoxdursa, demək ki, insanlara maraqlıdır.

- İbrahim Çingizi izləyicilərə maraqlı edən nədir?

- Fərqli olmağa çalışmıram. Həmişə və hər yerdə olduğum kimi davranıram. Ola bilsin ki, görünüş baxımından məni fərqli göstərən döymələrimdir, bu, aktyorların çoxunda yoxdur.

- Bu qədər döymənin olması sizə problem yaratmır?

- Serial çəkilişlərində heç bir problem yaranmayıb. Teatr tamaşalarında uzunqol köynək geyinirəm ki, görünməsin. Qrim ustaları xüsusi kremlər vasitəsilə döyməni asanlıqla örtə bilir.

"Döymələrim həyatımın kitabıdır"

- Döymələrin həyatınızdakı yeri və mənası nədən ibarətdir?

- Döymələrim həyatımın kitabıdır. Həyatımda baş verən önəmli hadisələri bədənimdə həkk etdirirəm.

- Hər iki qolunuz döymələrlə yazılıdır. Demək ki, əlamətdar günləriniz çox olub.

- Bəli! Çalışıram ki, ömrümün hər günü əlamətdar keçsin.

- Valideynlər adətən istəyirlər ki, övladları onların yolunu davam etdirsin. Sizdə necə oldu? Atanız, tanınmış komediya aktyoru, Əməkdar artist Çingiz Əhmədov bu qərarınızı necə qarşıladı?

- Uşaqlıqda çox utancaq olmuşam. İstər kamera, istərsə də mikrofondan həmişə qaçırdım. Yaş artdıqca musiqiyə marağım yüksəldi, replə məşğul olmağa başladım, daha sonra Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə daxil oldum. Atam etiraz etmədi, bəxtim gətirib ki, valideynlərim anlayışlı insanlardır, seçimimə hörmətlə yanaşdılar. Universiteti bitirdikdən sonra Kiyevə köçdüm, iki il orada yaşadım.

- Çingiz Əhmədovdan daha güclü aktyor olduğunuz fikri ilə razısınız?

- Bəzən deyirlər ki, atamdan güclü aktyoram, bəzən deyirlər ki, atamın hesabına aktyor olmuşam, bəzən də rolları yaxşı oynamadığımı eşidirəm. Çingiz Əhmədov illərin aktyorudur, sözsüz ki, atamın səviyyəsinə çatmaq üçün böyük təcrübə qazanmalıyam. Lap tutaq ki, atamın hesabına aktyor olmuşam. Serialda özüm oynayıram axı, atam gəlib yerimə oynamır. Yaxud teatrda əvəzimə səhnəyə çıxmır.

- Kiyevdə nə işlə məşğul olurdunuz?

- Həm rep oxuyur, həm də klublarda aparıcılıq edirdim.

- Səfərlərdən qayıdanda bizdə müəyyən dəyişiklik baş verir. Hiss edirik ki, ya fikirlərimiz, ya da həyata baxışımız əvvəlki kimi deyil. Kiyev həyatı sizdə nələri dəyişdi?

- Sözsüz ki, müsbət dəyişikliklər oldu. Vətəndən kənarda yaşamaq çətindir. Çoxları adətən xaricə köçüb yaşamaq arzusunda olur. Elə bilirlər ki, başqa şəhərdə, ya ölkədə daha yaxşı yaşayacaqlar. Amma belə deyil... Bakının qoxusu üçün hər gün darıxırdım... Axşamlar öz-özümə deyirdim ki, kaş indi bulvarda gəzərdim, ya da dənizə baxardım.

Kiyevdə seriala dəvət almışdım, imtina etdim. Çünki o zaman özümü tamamilə repə bağlamışdım. Fikirləşirdim ki, serial mənə lazım deyil. Bakıya gələndə "Vicdan haqqı" serialından təklif aldım. Başa düşdüm ki, tez-tez serial təkliflərinin gəlməsi bir işarədir. Nəticədə razılaşıb özümü sınadım. Xoşbəxtəm ki, bu sınaqdan alnıaçıq çıxa bildim.

- Bizim ukraynalılardan nümunə götürməli olduğumuz keyfiyyətlər var?

- Ukraynalılar həmişə sərbəst və rahatdır. "Qohum-qonşu haqqımda nə deyər?" sualı onları düşündürmür. Sadəcə öz həyatlarını yaşayırlar, heç kimin şəxsi işinə qarışmırlar. İnsan birinci növbədə özü üçün yaşamağı bacarmalıdır ki, qocalanda gənclik illərini təəssüf hissi ilə yada salmasın.

- Söylədiniz ki, utancaq uşaq olmusunuz. Bu kompleksləri necə tərk edə bildiniz?

- 17 yaşımda çox pis xəstələnmişdim, bir neçə gün qızdırma içində yatdım. İnternetdə rep üçün minus tapmışdım, xəstə halda onu yazdım və özümü videoya çəkdim. Bu, davamlı hal aldı, beləliklə komplekslər yavaş-yavaş aradan qalxdı. Utancaqlığı özümdən uzaqlaşdırsam da, həyəcan hissi indiyədək qalıb. Yəqin ki, bütün aktyorlar tamaşa qabağı, ya da çıxış ərəfəsində böyük həyəcan yaşayır.

- Həm rus dram teatrında, həm də seriallarda oynamağa necə vaxt tapırsınız?

- Əslində iş qrafikim gərgindir. Teatr tamaşalarında rus dilində çıxış edirəm, serialda isə azərbaycanca danışıram. Bəzən dostlarımla söhbət edərkən olur ki, cümləni səhv qururam.

- "Könül yarası" gündəmdə olan seriallardan biridir. Baş rolda çəkilirsiniz. Bu barədə danışardınız...

- Serial aralarında 12 yaş fərqi olan 2 insanın məhəbbət hekayəsindən danışır. Oynadığım qəhrəmanın adı Camaldır. Camalın atası yoxdur, ailəsini anası ilə birlikdə o saxlayır. Ailədə 2 bacını bu qardaş böyüdüb, onlara ata əvəzi olub. Bir gün Camal özündən 12 yaş böyük xanıma vurulur. Bütün hadisələr bu mövzunun ətrafında cərəyan etməyə başlayır. Qohumlar arasında dava düşür və böyük mübahisələr yaranır. Qısası, qırğınlar olacaq...

Seriala baxmamış sosial şəbəkədə irad bildirirlər ki, əsas rol üçün məndən yaşca böyük xanım seçiblər. Amma o izləyicilər türk seriallarında, yaxud Hollivud filmlərində rol alan aktyorlara oyununa görə qiymət verirlər. Yeri gəlmişkən, tərəf müqabilim Fidan Axundovadır, tandemimiz gözəl alınır.

- Çəkilişlər necə gedir?

- Bir qədər ağırdır, buna baxmayaraq enerjimiz tükənmir. Birinci dəfədir ki, gündəlik serialda oynayıram. Bazarı çıxmaq şərti ilə hər gün çəkilişdəyik. Ümumiyyətlə, gündəlik serialda çəkilirsənsə, özünə vaxt qalmır.

"İki insan bir-birini həqiqətən sevirsə, yaş boş şeydir"

- Şablon olsa da, növbəti sualı verməliyəm. Əminəm ki, bu, hər bir oxucu üçün maraqlıdır. Həyatda özünüzdən yaşca böyük xanımla ailə qurardınız?

- Əgər iki insan bir-birini həqiqətən sevirsə, yaş boş şeydir.

- Adətən aktyorlar bir çox hallarda oynadıqları obrazlar qədər cəsarətli olmurlar...

- Əlbəttə ki, əvvəlcədən müəyyən proqnozlar vermək asandır. Heç birimiz bilmirik ki, sabah başımıza nə gələcək. Bunu həyat göstərər, dəqiq cavab verə bilmərəm.

- Özünü tapmaq və formalaşmış insan olmaq üçün uşaqlıqda valideynləriniz sizə yetəri qədər azadlıq veribmi?

- Uşaqlarımızın çoxu komplekslə böyüyür, sıxılırlar. Adi söz deməyə utanan insanlar var. Bu, güman ki, milli mentalitetlə bağlıdır. Valideynlər uşaqlarına sərbəstlik vermək istəmir, azadlığını maksimum əlindən almağa çalışır və bütün seçimlərinə qarışırlar. Hətta bəzi valideynlər 18 yaşından sonra da uşağın yerinə qərarlar verirlər. Hər halda valideynləri günahlandıra bilmərəm, çünki özləri də elə böyüyüb və ailələrində gördüyü tərbiyəni uşaqlarına ötürməyə çalışırlar.

Yeni nəsil daha sərbəstdir, öz fikrini düzgün şəkildə ifadə edə bilir. Amerika, türk və Avropa filmlərinə baxır və onlardan şey götürürük, odur ki, bu problem yavaş-yavaş aradan qalxır.