Hürrün tövbəsindən nələri öyrənməliyik?


Digərləri 20 Sen 2018 23:45:00 227 0

Hürrün tövbəsindən nələri öyrənməliyik?

Məhərrəm ayı Peyğəmbər (s) və Əhli-beytinin (ə) qəm və qüssə ayıdır. 61-ci Hicri-Qəməri ilinin Məhərrəm ayından bəri Əhli-beyt (ə) davamçaları hər il əzadarlıq keçirirlər. Bu müsibəti dillə təsvir etmək olmaz. Bundan da böyük müsibət ola bilərmi? İmam Əlinin (ə) oğluna, Peyğəmbərin (s) ciyərparəsinə Nəbinin vəfatından heç 50 il keçməmiş silah çəkdilər. Özü də o kəslər ki, özlərini həmin Peyğəmbərin (s) ümməti hesab edirdilər. (Tebyan)

Son.az deyerler.org-a istinadən bildirir ki, Kərbəla bir hadisə deyildir, əslində bir məktəbdir ki, əsrlər boyu yüz minlərlə insan bu məktəbdə tərbiyə olmuşdular. Tarix boyu o qədər insanlar olmuşdur ki, əzadarlıq məclislərində iştirak edərək əqidələrinə qayıtmışdılar. Kərbəla və Aşura insanların həyata olan baxışını dəyişdirir.

Məhərrəm - tövbə ayıdır, Allaha qayıtmaq ayıdır, düzgün yaşamaq ayıdır, düzgün ölmək ayıdır. Məhərrəm insana düzgün yaşamağı və bu fani dünyaya bağlanmamağı öyrədir. Məhərrəm və Kərbəla - əxlaqi fəzilətlərin ən alisidir. Məhərrəm ayı nümunələr gətirərək, bizə əxlaq dərsi verir. Məhərrəm - vəfa dərsidir, izzət və azadlıq dərsidir.

Məhərrəm ayı elə bir aydır ki, günah əhli belə, özünü dəyişdirər. İllər boyu adət etdiyi içkisindən, pis işlərindən əl çəkər və bu aya ehtiram qoyar. Ona görə də Məhərrəm ayı həm də günahdan əl çəkməyə əzm edilən aydır.

Məhərrəm tövbə ayıdır və çox sayda günahkarın düz yola hidayət olduğu aydır. Kərbəla səhnəsində bunun bariz nümunəsini Hürr ibni Yəziddə görmək olar. Hürr, Ömər ibn Sədin İmam Hüseynə (ə) hücum etdiyini öyrənəndən sonra özünə gəldi, ayıldı və tövbə edərək, İmama (ə) tərəf üz döndərdi. Yanındakı silahdaşlarından olan Muhacir ibni Ousa deyir: "Allaha and olsun ki, mən özümü behiştlə cəhənnəm arasında görürəm. Allaha and olsun ki, behiştdən başqasını seçməyəcəyəm. Hətta əgər məni tikə-tikə etsələr və atəşə versələr belə!". Sonra atına şallaq vurub İmam Hüseynə (ə) tərəf getdi və Həzrətə (ə) dedi: "Ey Rəsulallahın oğlu! Mən həmin o kəsəm ki, sizin qayıtmağınıza mane oldum. Sizi bu yerdə qalmağa vadar etdim. İndi bu əməlimə görə Allah dərgahında bağışlanmağımı istəyirəm. İstəyirəm ki, canımla sizə yardım edəm və gözlərinizin önündə öləm. Sizin yanınıza gəlmişəm. Bunu tövbə kimi qəbul edərsinizmi?". İmam (ə) buyurdu: "Bəli, Allah tövbəni qəbul edər və səni bağışlayar. Sənin adın nədir?". Hürr dedi: "Mən Hürr ibni Yəzidəm". İmam (ə) buyurdu: "Anan səni adlandırdığı kimi (Hürr) sən azadsan. Allahın ümidi ilə dünya və axirətdə azadsan. (Atdan) düş".