Evlənənlərin sayi niyə azalir? –


Digərləri 20 Sen 2018 21:05:00 325 0

Evlənənlərin sayi niyə azalir? –

Son illərdə ölkəmizdə ailə həyatı quranların sayı getdikcə azalır. 

Son.az gencaile.az-a istinadən bildirir ki, belə üzücü mənzərənin yaranması heç də səbəbsiz deyil. Mütəxəssislər hesab edirlər ki, bu məsələdə psixoloji, sosioloji faktorlar ilə yanaşı iqtisadi faktorlar da rol oynanır.

Psixoloq Aİdə Səlim deyir ki,  evlilik öncəsi tibbi müayinə qədər psixoloji müayinə də mütləqdir. İnsan birini sevə bilər, onunla birlikdə xoş vaxt keçirə bilər, lakin burda psixoloji və psixofizioloji uyğunlaşmanın olması da şərtdir. Həmçinin, evlilik barədə hər iki tərəfin "Mən evliliyə hazıram mı?" düşüncəsi, yəni, evlilik sonrası həyata nə dərəcədə hazır olması da məsələyə təsirsiz ötüşmür. Çalışdığım bir cütlük psixoloji seansların birində qeyd etmişdi ki, yoldaşı ilə məhz söhbət edə bildiyi üçün ailə həyatı qurub, yəni onlar bir-birini artıq düşüncə baxımından da tanıyır, birlikdə müzakirə edə biləcəyi ortaq mövzular da kifayət qədər var. Amma təəssüf hissi ilə qeyd etmək istərdim ki, sırf "evlilik olsun" deyə ailə həyatı qurub, sonradan bir-biri üçün hər mənada uyğun olmadıqlarını görüb ayrılan cütlüklər də az deyil. Boşanmalar da gənclərimizi evlilikdən uzaqlaşdırır. Evliliklərində daimi konflikt yaşayan cütlüklərin həmin gənclərə pis nümunə olması amili də qaçınılmazdır. Yaxud güzəran psixologiyasında yayılan məşhur "Subaylıq sultanlıqdır" ifadəsi. Təbii ki, sultanlığı tam olaraq dərk edib o zamandan faydalı şəkildə istifadə edən insan ailə həyatında da uğurlu və xoşbəxt ola bilər.

Psixoloqun sözlərinə görə, insanlarda belə bir yanlış düşüncə var ki, ailə həyatı qurduqdan sonra əvvəlki sən olmayacaqsan, həyatın bütünlüklə dəyişəcək. Təbii ki dəyişikliklər baş verəcək, ancaq bu, hər iki tərəfin evliliyə olan münasibətindən bilavasitə asılıdır. Evliliyə "əlavə məsuliyyət" kimi deyil də, sadəcə sevdiyin insanla ortaq həyat kimi baxılmalıdır. Dünənə qədər tək yaşadığın həyatı, artıq ikili formada yaşayırsan.