Ocaq yandırdığı üçün döyülən ailə üzvləri


Kriminal 20 Sen 2018 16:49:00 317 0

Ocaq yandırdığı üçün döyülən ailə üzvləri

Qonşuları ilə mübahisə edən ər-arvad xəstəxanalıq oldu. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Ağstafada qonşuların 6 il davam edən mübahisəsi ər və arvadın döyülməsi ilə nəticələnib. Belə ki, tüstü üstündə düşən dava onları xəstəxanalıq edib. Ağstafanın Köçəsgər kəndində 31 yaşlı Ramiz Sultanov və onun həyat yoldaşı 30 yaşlı Aliyə Sultanova qonşuları tərəfindən döyülüb. Səbəb zərərçəkənlərin həyətlərində ocaq yandırması olub. Bu da qonşuluqdakı Cabbarovlar ailəsini narahat edib. Gecədən başlayan mübahisə səhər saatlarında qanlı dava ilə yekunlaşıb. Ramiz Sultanov - Zərərçəkən: "Sırağagün mən işdə olmuşam, yoldaşım evdə ocaq qalayıb. Qonşu deyib niyə qalayırsan, tüstü mənə gəlir. Axşam dedilər ki, mənim işim yoxdu sizinlə. Sabahısı gün məni tutdular maşında döydülər". Həyat yoldaşı Aliyə Sultanova ərinin qonşuları tərəfindən döyüldüyünü görüb və onları ayırmaq istəyib. Bu zaman qadın da döyülüb.  Aliyə Sultanova - Zərərçəkən: "Məni tutdular, döydülər. 6 ildir qırğındayıq. Hər dəfə qayınanam gəlir, heç nə demir. Gedəndə başlayır".  Hər iki şəxsi yaxınları xəstəxanaya aparıb. Tibbi yardım göstərildikdən sonra palataya yerləşdiriliblər. Zərərçəkənlərin bildirdiyinə görə, qonşular arasında müxtəlif səbəblərdən əvvəllər də mübahisə yaşanıb.  Faktın təfərrüatlarını Ağstafa Rayon Polis Şöbəsi araşdırır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar