ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi memorandum imzalayıb


Digərləri 20 Sen 2018 16:35:00 239 0

ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi memorandum imzalayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, memorandumu nazir Sahil Babayev və Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. Tədbirdə S.Babayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatlar ölkədə iqtisadiyyatın inkişafı ilə yanaşı, əhalinin rifah halının yüksəlməsinə səbəb olub. Dövlət başçısının kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılması, idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması baxımdan mühüm əhəmiyyət daşımaqla bərabər, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının göstəricisidir. Nazir həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunduğunu, bu sektorun potensial imkanlarının genişləndiyini, yeni istehsal sahələrinin yaradıldığını, yerli istehsal hesabına idxalı əvəz edən məhsulların həcminin yüksəldiyini, sahibkarlıq subyektlərinin sayının 4 dəfədən çox artığını, özəl sektorun məşğulluqda payının 75 faizi keçdiyini vurğulayıb. Nazir ölkə başçısının tapşırıqlarına uyğun olaraq ƏƏSMN tərəfindən icra olunan özünüməşğulluq proqramının kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə ilin sonuna kimi yeddi min ailə özünüməşğulluq proqramı çərçivəsində ailə biznesini quracaq.