“www.enterpriseazerbaijan.com” portalı təqdim edildi


Digərləri 20 Sen 2018 15:11:00 219 0

“www.enterpriseazerbaijan.com” portalı təqdim edildi

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “www.enterpriseazerbaijan.com” internet portalının təqdimatı keçirilib.

Bakı. Samir Əli - Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “www.enterpriseazerbaijan.com” internet portalının təqdimatı keçirilib. Trend-in məlumatına görə, portal barədə məlumat verən Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, "EnterpriseAzerbaijan.com" portalı Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin 3.1.1-ci “İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi” tədbirinin icrası ilə əlaqədar olaraq yaradılıb: "Portalın məqsədi ölkənin investisiya cəlbediciliyini daha da yüksəltmək və iqtisadiyyatın inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaqdır. Portal mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli və əlverişli məkan olaraq Azərbaycandakı investisiya layihələri, startaplar, əmlak, səhm, torpaq və digər aktivlər barədə məlumat bankıdır. İcraçı direktor qeyd edib ki, potensial investor axtarışında olan layihə təşəbbüskarları (promoterlər) ilə investisiya yatırmaq üçün biznes axtarışında olan potensial sərmayədarlar "EnterpriseAzerbaijan.com" portalında bir araya gələcəklər: "Hazırda dünyada trilyonlarla dollar sərbəst maliyyə vəsaiti var ki, gəlir gətirmək üçün layihələr axtarır. Bu mənada dünyada sərbəst maliyyə vəsaitlərinin Azərbaycanda biznes layihələrinə cəlb edilməsi imkanları genişdir. Çünki Azərbaycan belə investisiyalar üçün “sakit liman”dır. İndiyədək iqtisadiyyatımıza cəlb olunmuş 125 milyard ABŞ dollarından artıq xarici sərmayədə heç bir ciddi problem olmayıb. Mən yerli layihə müəllifləri, sahibkarlar və sərmayədarlara səslənirəm ki, "EnterpriseAzerbaijan.com" portalı ilə yaxından əməkdaşlıq etsinlər".