Cəmiyyət İmam Hüseyn (ə.s) hərəkatının elmimənəvi tərəflərini görə bilmir Rövşən Abdullaoğlu


Digərləri 19 Sen 2018 21:16:00 302 0

Cəmiyyət İmam Hüseyn (ə.s) hərəkatının elmimənəvi tərəflərini görə bilmir  Rövşən Abdullaoğlu

Məhərrəmlik məclisləri ancaq yas məclisi təəssüratı bağışlamamalıdır

Tanınmış yazıçı, psixoloq-teoloq Rövşən Abdullaoğlunun Son.az-a müsahibəsi:

"Məhərrəmlik sıradan bir insanın deyil, qətlə yetirilmiş fövqəlinsanın hüzn günüdür".

- Nəyə görə insanlar məhərrəmlik mərasimləri keçirir, bu ayda matəm saxlayır, əzadarlıq edirlər?

- Öncə bu matəm mərasimlərinin kökündə duran mühüm bir məqama diqqət etmək lazımdır. Görəsən, əzadarlığı edilən şəxs kimdir, tarixdə hansı rola və mənəvi məqama malik olub? 

Şərq və bəzi Qərb fəlsəfi məktəblərində fövqəlinsan anlayışı var. Bu anlayışa Fridrix Nitsşe də öz fəlsəfəsində geniş yer verib. Hötenin "Faust" əsərində fövqəlinsana işarə etdiyini görürük. Mümkündür ki, Nitsşe də ondan götürüb. Nitsşenin fövqəlbəşər (Übermensch) ideyası İslam fəlsəfə və irfanında olan kamil insan anlayışına yaxındır. "Zərdüşt belə deyirdi" kitabında Nitsşe bu barədə geniş yazır. Nitsşe fəlsəfəsində insan (Mensch) fövqəlinsandan (Übermensch) dərəcə etibarilə çox aşağıdır. Bu fövqəlinsanda insanın çata biləcəyi bütün mənəvi kamilliklər cəm olub. O, bütün həqiqətləri olduğu kimi anlayır. Bütün insanların hədəfi fövqəlinsana çevrilməkdir.  

Nitsşeyə görə, fövqəlinsan yaradılışın hədəfidir, həyat onun vasitəsilə məna qazanır. Sonuncu insan isə qəflətdə öz heyvani həyatı ilə yaşayan biridir. Fövqəlinsan dünya cəmiyyətinin sütunudur. O, bütün insani dəyərləri qoruyan, yaşadan biridir. Adi insanlar fövqəlinsana bənzəməyə çalışmalıdırlar. O, bütün insanların mənəvi atası hesab edilir.

Maraqlı bir məqam da odur ki, bu kamil insan eqosentrik deyil, yalnız özünü düşünməz. O, digərlərinin, cəmiyyətin səadətini öz hədəfi bilir. İslam dini Həzrət Hüseyni (ə.s) həmin kamil insan nümunəsi olaraq irəli sürür. Hər kəs bu tarixi şəxsiyyətin həyatını oxusa, Kərbəla hadisələrini təhlil etsə, onun istisnasız olaraq bütün bu müsbət xüsusiyyətlərə sahib olmasının şahidi olar. Həzrət Hüseyn (ə.s.) cəmiyyətin səadətini həyatının hədəfi bilirdi. Ona görə bu yolda bütün yaxınlarını fəda etməkdən çəkinmədi. O, hesab edirdi ki, Hüseyn şəhid olsun, təki digərləri zülmdən qurtulsun, fiziki və mənəvi azadlıqda yaşasınlar. 

Ona görə də məhərrəmlik sıradan bir insanın deyil, qətlə yetirilmiş fövqəlinsanın hüzn günüdür. Və elə bir insana irqindən, milli mənsubiyyətindən asılı olmayaraq hər kəs əzadarlıq edə bilər və edir. Bu cür insanlar bəşəriyyətin mənəvi irsinə daxil olurlar. Həyatları ümumbəşəri dəyərlərlə zəngin olur. Elə bu səbəbdən də tarixin bir çox müsəlman olmayan şəxsləri belə İmam Hüseyn (ə.s) hərəkatından özləri üçün nümunə götürüblər.

"Kərbəla bütün gələcək nəsillər üçün ibrətlərlə dolu rəşadət salnaməsidir"

- İmam Hüseyn (ə.s) hərəkatından cəmiyyətimiz nələri nümunə götürə bilər?

İslam terrora qarşı - Bir-birinə zidd olduğu halda onları necə eyniləşdirmək olar?! - MÜSAHİBƏ - Həzrət Hüseyn (ə.s) İslam tarixinin ən həssas dönəmində qiyama qalxdı. İslamın bir din olaraq aradan tamamilə getmə təhlükəsi olan bir zamanda özünün və yaxınlarının şəhadəti ilə onu hifz edə bildi. Bu hərəkatın əzəməti geniş əhatəli etiqadi təsirində, misilsiz mənəvi yükündə, orada iştirak etmiş bütün şəxslərin misilsiz fədakarlıqlarındadır. Məhərrəm ayındakı matəm məsum insanların qətlinə deyil, məsumiyyətin qətlinə görədir, bir qrup insanların faciəsinə görə deyil, ümumbəşəri dəyərlərin tapdalanmasına görədir, məğlub edilmiş bir dəstənin əsir edilməsinə görə deyil, bütün azad ruhlu insanların, haqqın, ədalətin əsarətinə görədir. Kərbəla tarixdə baş vermiş minlərlə lokal hadisədən biri deyil, bütün gələcək nəsillər üçün ibrətlərlə dolu rəşadət salnaməsidir. İnsan fədakarlıq, mənəvi dəyərlərin qorunması nümunəsi olan belə bir hadisəni yaşatmaqla özünü və cəmiyyətini mənəvi süqutdan qoruyur. Mənəvi dəyərlər yaşayır və növbəti nəslə ötürülür.

Kərbəla eyni zamanda şəhid, mərd insan yetişdirmə məktəbidir. Belə bir məktəbi dərk etmiş gənclər öz torpaqlarını düşmənə verməz, xəyanət etməz, ölkəsinə, xalqına həmişə sadiq olar, belələrinin ruhunu sındırmaq olmaz. Bu məktəbin şagirdləri zülmə, zillətə boyun əyməz, ali hədəfləri üçün hər şeyindən keçməyə hazır olarlar.

Hər bir sağlam cəmiyyət üçün şəhidlik dəyərli mərtəbədir. Bəzən şəhidlər torpaq uğrunda, bəzən isə ideologiya, inanc və mənəvi dəyərlər uğrunda canlarını fəda etməli olurlar. İnanc, insani və mənəvi dəyərlərin qorunması üçün şəhid olmuş birinin milli mənsubiyyəti olmaz. Həzrət Hüseyn (ə.s) məhz mənəviyyat şəhididir. Bəzən ona Eşqin Şəhidi də deyirlər. Bəli, Kərbəla hadisəsi eyni zamanda ictimai əhəmiyyətli bir məsələdir.

"Həqiqi əzadarın cəmiyyətdə görəcəyi işlər çoxdur"  

- Bəs sizcə, İmam Hüseyn (ə.s) qiyamına daha çox necə yanaşmaq lazımdır:  emosional, yoxsa əqli? Çünki elə bil, müsəlmanların əksəriyyəti hadisənin daha çox emosional tərəfini qabardırlar.

Rövşən Abdullaoğlunun "Abaddon" romanı satışda niyə rekord vurur? - Maraqlı izah - Həzrət Hüseynin (ə.s) qiyamı təsəvvür olunduğundan da çoxşaxəlidir. Bu hadisəni elmi, fəlsəfi-əqli, siyasi, sxolastik, tarixi, hüquqi, irfani və s. cəhətlərdən təhlil etmək olar. Bunu tarix boyu yazılmış çoxlu sayda elmi kitablar da təsdiq edir. Bizlər isə, təəssüf ki, bu qiyamın daha çox emosional, dramatik zahiri tərəfinə köklənirik. Ona görə də cəmiyyət bu hərəkatın elmi-mənəvi tərəflərini görə bilmir. Təbii ki, bizlər Kərbəla qiyamının hislərə toxunan ağır mənəvi yükünü dana bilmərik. Fəqət, bu bizə qiyamı sırf emosional müstəviyə daşımağa əsas vermir. Həzrət Hüseyn (ə.s) bu hərəkatı arzu və istəklərinin təhriki ilə deyil, ağıl əsasında başladı, ağılla da sonlandırdı.

Bəzən unuduruq ki, həqiqi duyğusallıq elmdən, ağıldan gəlməlidir. Yalnız hisslərə qapılmaq gözü kor edər, insanı səhv yola aparar. Məhərrəmlik məclisləri elm məclisləri olmalı, elmi, tarixi, siyasi, irfani, əxlaqi, fəlsəfi agahlıq məclislərinə çevrilməlidir. Duyğusal tərəfini də bu məclislərdən ayırmaq mümkün deyil və heç düzgün də deyil. Ancaq hər şeyin öz həddi var, o həddi keçmək olmaz. Məhərrəmlik məclisləri ancaq yas məclisi təəssüratı bağışlamamalıdır. Bilirsiniz, dini mənbələrdə İmam Hüseyndən (ə.s) nəql olunan hüquqi, ibadi mövzulardakı hədislər çox azdır. Bu onu göstərir ki, Həzrətin yaşadığı dövrdə insanlar ondan belə mühüm mövzuları soruşmurdular. Halbuki, hamı onu tanıyır, müqəddəsliyini, peyğəmbər övladı olduğunu qəbul edir, necə dərin elmə sahib olduğunu bilirdi. Həzrət Hüseyni (ə.s) elmi-mənəvi rəhbər, nümunə olaraq tanımayan bu cəmiyyət də elə sonra onu Kərbəlada qətlə yetirdi. Hüseyni (ə.s) qətlə yetirənlər yad ölkələrdən gəlmiş insanlar deyildi. Kərbəlada imamı tənha buraxanlar onu tanıyıb, ancaq elm mədənindən istifadə etməyənlər idi. İmamı sadəcə zahirən tanımaları onlara fayda vermədi, ona görə də Kərbəla sınağından çıxa bilmədilər. Biz oxşar tarixi gedişatı günümüzdə də qismən müşahidə edirik...

Unuduruq ki, günümüzün həqiqi əzadarı imamın elminə bələd olan, onun sözlərini dərk edib yaşayan, onun həyat tərzinə ayaq uyduranlardır. Ona görə də həqiqi əzadarın cəmiyyətdə görəcəyi işlər çoxdur. Bunlardan biri də Kərbəlanın geniş elmi, mənəvi cəhətlərini tanıtmaqdan ibarətdir.