Azərbaycan və Latviya gömrük xidmətləri arasında əlaqələrin gələcək perspektivləri müzakirə edilib


Digərləri 19 Sen 2018 20:11:00 276 0

Azərbaycan və Latviya gömrük xidmətləri arasında əlaqələrin gələcək perspektivləri müzakirə edilib

Səfər Mehdiyev Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs ilə görüşüb.

Bakı. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs ilə görüşüb. DGK-dan Trend-ə verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan S.Mehdiyev Azərbaycanla Latviya arasında mövcud əməkdaşlıqdan bəhs edib, tərəflər arasında əlaqələrin bütün sahələri əhatə etdiyini vurğulayıb, bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uzunmüddətli inkişaf strategiyasına və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatlara toxunan S.Mehdiyev, eyni zamanda, gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsilə bağlı mühüm addımların atıldığını diqqətə çatdırıb. Bir amalımız var, tam şəffaflığın təmin olunması-deyə sözünə davam edən Komitə sədri gömrük sahəsində aparılan struktur və kadr islahatlarına da toxunub və qeyd edib ki, məqsəd peşəkar və bilikli kadrları işə cəlb edərək, çevik, dinamik gömrük xidməti formalaşdırmaqdır. Azərbaycan və Latviya gömrük xidmətləri arasında mövcud əməkdaşlıqdan söhbət açan DGK sədri əlaqələrin daha da intensivləşdirilməsinin, ticarət dövriyyəsinin artırılması istiqamətində səylərin daha da gücləndirilməsinin vacibliyinə toxunub, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. S.Mehdiyev bir sıra ölkələrin gömrük qurumları ilə ilkin məlumat mübadiləsinin həyata keçirilməsinə dair sazişin imzalandığını, anoloji sənədin Latviya və Azərbaycan gömrük xidmətləri arasında imzalanmasının zəruriliyini qeyd edib. Səmimi qəbula görə Komitə sədrinə təşəkkür edən Y.Maklakovs ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.