Qarabağ-ın qapıçısı: "Sporting-in bütün oyunçularını tanımağım əlavə üstünlüyümdür"


İdman 19 Sen 2018 11:05:00 233 0

Qarabağ-ın qapıçısı: "Sporting-in bütün oyunçularını tanımağım əlavə üstünlüyümdür"

"Topa sahib olmaq istəyən iki komandanın oyununu izləyəcəyik. Demək olar ki, rəqibin bütün oyunçularını tanıyıram. Bu isə mənim üçün əlavə üstünlükdür. Mən, sadəcə, Luiş Naniyə qarşı oynamamışam. Düşünürəm ki, yaxşı oyun sərgiləyəcəyik və bütün azarkeşlər bunu yüksək qiymətləndirəcək".

Goal.az xəbər verir ki, bunu Qarabağ-ın qapıçısı Vaqner Da Silva ojogo.pt saytına müsahibəsində Portuqaliyada "Sportinq"ə qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin ilk tur matçı barədə danışarkən deyib. 

32 yaşlı qolkiper bildirib ki, Portuqaliya çempionatında çıxış etdiyi vaxt Lissabon təmsilçisi ilə görüşlərin yalnız ikisində məğlub olub. O, yenidən "Joze Alvalade" stadionunda oynamağı çox istədiyini vurğulayıb: "Sporting fantastik klubdur. "Portuqaliyanın Boavista və Estoril klublarında yaxşı çıxış etmişəm. Sporting-ə qarşı keçirdiyim 7 oyundan yalnız 2-də məğlub olmuşam".

Vaqner rəqibin heyətində heç bir futbolçuya qarşı xüsusi hazırlaşmadıqlarını vurğulayıb. O deyib ki, hər zaman kollektivdaxili müzakirələr zamanı "Sportinq"in güclü və yüksək səviyyəli komanda olduğunu dilə gətiriblər. Arsenal və Sporting-i qrupun favoriti sayan qapıçı Qarabağ-ın xüsusən ev oyunlarına daha yaxşı motivasiya olacağını vurğulayıb: "Çünki doğma meydanda oynayanda çox güclü olduğumuzu bilirik".

Vaqner Azərbaycan futbolundan və Qarabağ klubundan da söz açıb: "Şübhəsiz ki, Qarabağ Azərbaycanın ən böyük komandasıdır. Ardıcıl 5 dəfə ölkə çempionu olmuş, peşəkar və yaxşı qurulmuş klubdur. Rəqiblərin Qarabağ-ı təhlil etməsi çox vacibdir. İnsanlar bu klubun və Azərbaycanda futbolun nə demək olduğunu bilmirlər. Bu komandaya gəlməyim mənim üçün sürpriz oldu. Klubda bizə hər cür dəstək verirlər. Yalnız oynamağı düşünmək məcburiyyətindəyik. Bundan əlavə, baş məşqçimiz Qurban Qurbanov Azərbaycan milli komandasına da rəhbərlik edir".

Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək Sporting - Qarabağ matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. (report)