Bakıda metro stansiyası 1 illik bağlanır


Digərləri 19 Sen 2018 11:01:02 310 0

Bakıda metro stansiyası 1 illik bağlanır

"Bakı Metropoliteni" QSC-dən Son.az-a verilən əmlumata görə, Bakı metropoliteninin 1968-ci ildə istismara verilmiş "Xətai" stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. Həmçinin, 50 illik istismar dövründə stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılmalı, stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənməli, ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulmalıdır.

Qeyd edək ki, "Xətai" stansiyasında və "Xətai-Cəfər Cabbarlı" mənzilində infrastrukturun sağlamlaşdırılması, əsaslı təmir olunaraq yenidən qurulması tədbirləri mərhələli şəkildə həyata keçirilir. Təmirin 2016-cı ilin dekabr ayında yekunlaşdırılmış birinci mərhələsində stansiyanın 1-ci baş yolu və orta zalı, eləcə də "Xətai-Cəfər Cabbarlı" mənzilinin 1-ci yolu müasir tələblər səviyyəsinə çatdırılıb.

Yenidənqurma işlərinin ikinci mərhələsi çərçivəsində "Xətai" stansiyasının 2-ci baş yolu və "Xətai-Cəfər Cabbarlı" mənzilinin 2-ci yolunda sağlamlaşdırma, əsaslı təmir və yenidənqurma tədbirləri planlı surətdə yerinə yetirilir. İstismar müddətini başa vuran eskalatorların yenilənməsi, eləcə də vestibülün və digər infrastrukturun əsaslı təmir olunması məhz bu mərhələnin davamı kimi nəzərdə tutulub.

Eskalatorların dəyişdirilməsi və vestibülün təmiri ilə bağlı hazırlıq tədbirlərinə cari ilin fevral ayında başlanılıb, əsaslı təmir və yenidənqurma prosesinin qrafikə uyğun, keyfiyyətlə yerinə yetirilməsi məqsədilə tədbirlər planı hazırlanıb.

Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator söküləcək. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılacaq. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək. Xatırlatmaq yerinə düşər ki, buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil analoqları quraşdırılıb.


Xəbərə aid fotolar