Baş direktor: Səs İnformasiya Agentliyi müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir


Digərləri 19 Sen 2018 09:31:00 243 0

Baş direktor: Səs İnformasiya Agentliyi müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir

Səs İnformasiya Agentliyi (SİA) müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir.

Bakı. Elçin Mehdiyev - Səs İnformasiya Agentliyi (SİA) müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir. Bunu Trend-ə açıqlamasında agentliyin baş direktoru Bəhruz Quliyev deyib. B.Quliyev bildirib ki, bu gün Səs İnformasiya Agentliyinin 10 yaşı tamam olur: "Bu gündən danışarkən SƏS qəzetinin tarixinə ekskursiya etmək vacibdir. Çünki Səs İnformasiya Agentliyi məhz "Səs" qəzetinin bazasında yaranmış bir resursdur. Xatırlatmaq üçün qeyd etmək istərdim ki, "Səs" ictimai-siyasi qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Fəaliyyətə başladığı dövrdən sevilərək 35 min tirajla nəşr edilib. "Səs" qəzeti mürəkkəb bir dövrdə zərurətdən yaranıb və ölkə ziyalılarını və ulu öndər Heydər Əliyev sevərləri öz ətrafında cəmləyib. Qəzet Ulu Öndərin fikir və ideyalarını xalqa, xalqın sevgisini isə öz liderinə çatdırmaqla yanaşı, cəmiyyətdə maarifləndirici rol oynayıb". O qeyd edib ki, 1992-ci il oktyabrın 16-da ölkənin tanınmış ziyalılarının Heydər Əliyevə müraciəti və oktyabrın 24-də ulu öndərin həmin müraciətə cavabı da "Səs" qəzetində dərc olunub: "Halbuki bir sıra mətbu orqanlar həmin tarixi müraciəti dərc etməkdən çəkinirdilər. Amma "Səs" qəzeti heç nədən çəkinmədən, təqib və təzyiqlərdən, redaksiyaya hücumlardan qorxmadan ulu öndər Heydər Əliyevin milli maraqlara söykənən fikirlərini geniş oxucu kütləsinə çatdırırdı. Eləcə də sağlam fikirli ziyalıları bir araya gətirən "Səs" qəzeti Yeni Azərbaycan Partiyasının yaranmasında baza rolunu oynayıb. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb". B.Quliyev vurğulayıb ki, ümummilli lider hakimiyyətə gəldikdən sonra isə məhz bu xidmətlərinə görə "Səs" qəzetini özünün doğma qəzeti adlandırıb və qeyd edib ki, "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir: "Dahi öndər Heydər Əliyevin Prezident seçilməsindən və YAP-ın hakimiyyətə gəlişindən sonra qəzet ölkənin ictimai həyatında daha böyük rol oynamağa başlayıb. Qəzetdə ölkədəki mövcud problemlər və onların həlli yolları haqqında müxtəlif ziyalıların, mütəxəssislərin yazıları, müsahibələri dərc olunub. Həmçinin dövlətin, prezidentin və partiyanın fəaliyyəti haqqında xəbərlərin, dünyada və ölkədə yaşanan proseslərin ictimaiyyətə çatdırılması missiyası davam etdirilib".