Havadakı zəhər hamilə qadınların ağ ciyərindən uşağa keçir


Digərləri 18 Sen 2018 22:35:00 223 0

Havadakı zəhər hamilə qadınların ağ ciyərindən uşağa keçir

Böyük Britaniyanın paytaxtı Londonda aparılan bir araşdırmada ilk dəfə havadakı zəhərli hissəciklərin hamilə qadınların ağ ciyərlərindən ciftə keçdiyinə dair faktlar əldə olunub. Zəhərli havanın döllərə zərər verdiyi məlum idi. Amma bunun necə baş verdiyi məlum deyildi.

Yeni araşdırmada iştirak edən bütün hamilə qadınların körpələrinin ciftlərində çirkli hissəciklər tapılıb. Elm adamları bu hissəciklərin döllərə də keçmiş olması ehtimalının çox olduğunu söyləyirlər.

Queen Mary Universitetindən olan Dr. Lisa Miyashita "Ananın nəfəs aldığı çirkli havanın dölə təsir etməsinə dair əhəmiyyətli işarələr var və bu çox narahatedicidir" deyib.

"İzdihamlı küçələrdən istifadə etməyin"

Dr. Miyashita hamilə qadınların hava çirkliliyinin çox olduğu ərazilərdən uzaq durmalarını və izdihamlı küçələrdən istifadə etməmələrini tövsiyyə edib.

Daha əvvəl aparılan bir sıra araşdırma hava çirkliliyinin vaxtından əvvəl və az çəkili doğuş riskini artırdığını aşkar etmişdi. Bu araşdırmalar körpələrin həyatları boyunca sağlamlıq problemlərinə məruz qala biləcəyinə işarə vururdu.

Dekabr ayında 500 min doğuşla bağlı məlumatların nəzərdən keçirilməsiylə aparılan bir araşdırmada bu əlaqə təsdiqlənmiş, dünya miqyasında hava çirkliliyinin sıx olduğu şəhərlərdə yaşayan milyonlarla qadının risk altında olduğu bildirilərək "qlobal ictimai sağlamlıq fəlakəti" xəbərdarlığı edilmişdi.