Kəndlərdə müəllim qıtlığı FOTO


Digərləri 18 Sen 2018 19:40:00 248 0

Kəndlərdə müəllim qıtlığı  FOTO

Ucqar kənd və qəsəbələrə gedən müəllimlərə mükafat, yaxud həvəsləndirici imtiyazların verilməsi işləmək üçün kəndi seçənlərin sayını artırıb, amma hələ də əksər bölgədə müəllim çatışmazlığı var. İki gün əvvəl başlayan yeni dərs ili bu ciddi təhsil problemini də aktuallaşdırıb. 

Son.az virtualaz.org saytına istinadən xəbər verir ki, Təhsil Nazirliyi builki tədris mövsümündə ümumilikdə 6 mindən artıq vakant yer müsabiqəyə çıxarıb, müəllimə ehtiyacı olan məktəblərin 5500-dən çoxu bölgələrdədir.

Namizədlərin qeydiyyatı bu gün-sentyabrın 18-də başa çatır. Vakant yerlərin siyahısından bəlli olur ki, ucqar kəndlərdə xüsusilə xarici dil, biologiya, kimya, riyaziyyat, fizika, coğrafiya müəllimlərinə ehtiyac var. Məsələn, Ağsunun  Sanqalan, Qaradağ, Abasxanlı, Daşdəmirbəyli, Hacıuşağı, Musabəyli, Qiyaslı, Ağabəyli, Bico, Padar-Qişlaq kənd məktəblərində, yaxud Lerikin Rvarud, Günəşli, Orand, Mastaıl, Xanagah, Soru, Cəngəmiran, Vistən, Anburdərə, Bobla, Kaqoy və digər 10-dan çox kəndində biologiya müəllimi yoxdur. Ağdamın  I Alıbəyli, Qasımbəylı, Baharlı qəsəbələrində coğrafiyya müəllimi, Zaqatala, Zərdab, Yardımlı, Oğuz, Qax, İsmayıllı, Lənkəran, Qazaxın kənd məktəblərində isə riyaziyyat müəllimi çatışmır.

Bəllidir ki, müəllimlərin sayı təlabatdan 2 dəfə çoxdur,  üstəlik çoxluq iş tapa bilməməsindən şikayətçidir. Bəs müəllimlər ucqar kənd və qəsəbələrə niyə getmək istəmirlər?  

Kənd müəllimi: "Kəndlərdə dərs saatı azdır"

Astaranın Qapıçıməhəllə kənd məktəbinin tarix müəllimi, "Gənc müəllim" layihəsinin  rəhbəri Həbib Əlizadə deyir ki, müəllimlərin nüfuzunun artması, eləcə də sosial layihələr səbəbindən son illər kəndlərdə işləməyə gedənlərin sayı artıb. Amma hələ də kəndlərə Azərbaycan dili, ədəbiyyat, yaxud tarixdən fərqli olaraq riyaziyyat, kimya, fizika və digər texniki fənləri üzrə müəllim çatışmır. Bunun isə bir neçə səbəbləri var.

"Kənd məktəblərində  dərs saatı 8 saatdır, üstəlik, ucqar kəndlərdə işləməyə gedənlər əsasən gənclərdir, onların isə iş stajı azdır. Müəllimin maaşı isə saat və staja uyğun hesablanır",-Əlizadə əlavə edir.

Həmsöhbətimizin bildirdiyinə  görə, diaqnostik qiymətləndirmədən keçmiş müəllim 10 saatlıq dərsə görə uzağı 196 maaş alır. Bundan əlavə, Nazirlər Kabinetinin qərarına əsasən, rayon mərkəzindən 20 kilometrə qədər məsafədə yerləşən kənddə işləyənlərə əlavə həvəsləndirici mükafat olaraq 60 manat, 20 kilometrdən uzaqda yerləşən məktəblərdə işləyənlərə vergi və digər ödəmələr çıxdıqdan sonra 141 manat  ödənilir. Beləliklə, 10 saatlıq dərsə görə kəndə gedən müəllim 260-340 manata yaxın maaş alır. Bu isə çox vaxt müəllimə sərf etmir.

"Amma dərs saatı artırıldıqda maaş da yüksələr. Məsələn, 3 ilə qədər iş təcrübəsi olan gənc müəllim 18 saatdan yuxarı dərs saatı və həvəsləndirici mükafatla birgə 470 manatatdan çox maaş ala bilər.Yəni dərs saatının azlığı müəllimlərin kəndə getməsinə təsir edir", - tarix müəllimi qeyd edir.   

Əlizadənin fikrincə, fərdi maaş sistemi tərtib olunmalıdır, müəllimin bilik və bacarığına, həm də şagirdinin nəticələrinə görə maaş müəyyənləşdirilməlidir. Hazırda ölkədə 151 min müəllim var, hər il müəllim olmaq istəyənlərin sayı əvvəlki ilə nisbətən 2 dəfə artır. Ona görə də müəllimlər  kateqoriyalara bölünməli, öz üzərində çalışan müəllimlər qiymətləndirilməlidir. Yoxsa dərs saatlarını artırmaq kimi təkliflərlə müəllimləri kənd məktəblərinə cəlb etmək mümkün olmayacaq. Nəzərə almaq lazımdır ki, bəzi kəndlərdə siniflərin, yaxud uşaqların sayı azdır, istənilsə belə dərs saatını artırmaq mümkün olmayacaq.