Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır


Digərləri 18 Sen 2018 18:04:00 253 0

Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır

Pilotsuz uçuş aparatların (dronlar) hava limanlarında tez-tez baş verən icazəsiz uçuş hadisələri ilə əlaqədar olaraq bütün dünyada bu strateji obyektlərin müvafiq müdafiəsi sisteminin yaradılması zərurəti yaranıb. Bu məqsədlə, sentyabrın 18-də Quançjou şəhərindən "Abraham Technology Limited" Korporasiyasının Direktoru Stanislav Koçkin və "Ehang Intelligent Equipment" şirkətinin Vitse-prezidenti Kora Tanqın (Cora Tаng) rəhbərlik etdiyi innovasiya layihələri və texnologiyaları sahəsində yüksək texnologiya şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti "Azərbaycan Hava Yolları" aviaşirkətinin, "Azəraeronaviqasiya" (AZANS) Hava Hərəkəti İdarəsinin, Heydər Əliyev Beynəlxalq Aeroportu və "Silk Way" şirkətlər qrupunun nümayəndələri ilə görüşmüşdürlər. Qonaqlar Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi və bu yaxınlarda "Skytrax" auditor şirkəti tərəfindən maksimum "5 Ulduz" reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) ilə tanış olmuşdurlar.

AZAL prezidenti Cahangir Əsgərov ilə görüşdə əməkdaşlıq perspektivləri və Azərbaycanda mülki aviasiya sahəsində çinli mütəxəssislərin təcrübəsinin tətbiqi məsələsi müzakirə olunmuşdur. Qonaqlar qeyd etmişdirlər ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılan imkanlar onlara böyük təəssürat bəxş etmişdir.

Görüşdə qeyd olunmuşdur ki, Azərbaycan böyük turizm potensialına malikdir. "Azərbaycan Hava Yolları" tərəfindən Bakıdan Quançjouya yeni sərnişin reysinin açılması təklif edilmişdir. Çin aviadaşıyıcıların Azərbaycana cəlb olunması isə çinli turistlərin ölkəmizə daha böyük marağına və işgüzar əlaqələrin inkişafına kömək edəcəkdir.

Tərəflər həmçinin Azərbaycan və Çin arasında çoxillik tarixə malik yük aviadaşımaları sahəsində əməkdaşlığın səviyyəsindən razı qaldıqlarını bildirmişdirlər.

Görüşdə mülki sahələrdə, xüsusilə kommersiya daşımaları, kartoqrafiya, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, mülki infrastrukturun monitorinqi və s. sahələrdə pilotsuz uçuş aparatları (dronlar) texnologiyaları və xidmətlərinin inkişaf etdirilməsində Çinin yüksək texnologiya şirkətlərinin iştirakı imkanları müzakirə olunmuşdur.

Səfərin yekunları üzrə "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi ilə "Abraham Technology Limited" və "Ehang Intelligent Equipment" şirkətləri arasında qarşılıqlı anlaşma memorandumları imzalanmışdır.

Planlaşdırılır ki, genişmiqyaslı innovasiya layihələrinə sərmaye yatırılması və kommersiyalaşdırılmasında ixtisaslaşan "Abraham Technology Limited" Korporasiyası intellektual aeronaviqasiya habı üçün yüksək texnologiyalı azad iqtisadi zonanın yaradılmasına və "intelektual aeronaviqasiya" sahəsində Azərbaycanın mövqeyinin irəlilədilməsinə cəlb olunacaq.


Xəbərə aid fotolar