Narkoloji Mərkəzdəki yanğına görə həbs edilən şəxslərin məhkəməsində zərərçəkmişlər dindirildi


Digərləri 18 Sen 2018 17:32:00 253 0

Narkoloji Mərkəzdəki yanğına görə həbs edilən şəxslərin məhkəməsində zərərçəkmişlər dindirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Əlövsət Sərkərov ifadə verib.

O bildirib ki, oğlu Kərim Sərkərov Narkoloji Mərkəzdə yanğın nəticəsində dünyasını dəyişib: "Hadisə günü yanğın baş verdiyini öyrəndik. Ora gedəndə öyrəndik ki, oğlum artıq morqdadı".

Ə.Sərkərov qeyd edib ki, oğlunu mərkəzə müalicəyə götürəndə onlardan heç nə tələb etməyiblər.

Digər zərərçəkmiş Araz Məmmədov dindirilən zaman söyləyib ki, yanğın olan mərkəzdə müalicə olunub.

O deyib ki, hadisədən 3 ay əvvəl narkotikə görə mərkəzə müalicə üçün yazılıb: "Səhər saat 5-ə qalmış oyanıb, Gürcüstan vətəndaşı olan bir nəfərlə söhbət edirdim. Bir az keçəndən sonra xəstələrdən biri otağa girib yanğının baş verdiyini dedi. Çölə çıxıb gördük 15-ci otaqdan tüstü çıxır, qapısı da bir az açıq idi. Mühafizəçi Amid qapını açdı, Fərid Dadaşovla çölə çıxdıq. Arxamızca da Mamed çıxdı. O, bizə sağa keçməymiz dedi. Biz dönəndə daha Mamed yoxa çıxdı, hara getdiyini də bilmədik. Mamedlə eyni otaqda sabirabadlı oğlan qalırdı. Həmin şəxs də "lomka"dan çıxmışdı. Mamed oranı yandırmaq istəsəydi, səsə həmin şəxs yuxudan oyanardı".

A.Məmmədovun sözlərinə görə, şöbənin iki qapısı olub, biri həmişə bağlı olub: "Həmin qapı isə heç vaxt açılmırdı. Mamedin günahı odur ki, hadisə yerindən qaçdı. Mən də qaçsaydım, indi Mamedin yerində oturmuşdum. Yanğın vaxtı tibb bacısı Şəlalə xanım da orda idi. Həmin vaxt 8-ci otaqdakı xəstə ağrıyırdı deyə ona iynə vurmağa gəlmişdi. Şəlalə xanım da bizimlə birgə qaçıb, çölə çıxdı".

Məhkəmənin növbəti iclası sentyabrın 21-nə təyin edilib.