Dərsdə ağlayan birincilər Səbəbini psixoloq izah edir


Digərləri 17 Sen 2018 17:36:00 275 0

Dərsdə ağlayan birincilər  Səbəbini psixoloq izah edir

Yeni dərs ilinin ilk günündə parta arxasına oturdulan bəzi 1-ci sinif şagirdlərinin ağlaması böyüklərə bir qədər maraqlı, hətta məzəli görünür.

Sonradan həmin günü xatırladan şəkillərə baxdıqda da gülümsəmədən keçmək mümkün deyil. Lakin məktəb partası arxasında ilk dəfə əyləşən uşaqların bu cür davranışı kənardakılara nə qədər əyləncəli gəlsə də, onların özü üçün həmin gün həyatın stress dolu bir səhifəsinə çevrilir. Bu göz yaşlarının arxasında balacaların keçirdiyi qorxu, həyəcan, özünə inamsızlıq, qapalılıq dayanır. Anasından ayrılaraq parta arxasına oturdulan və özlərini tənha hiss edən belə uşaqların həmin vaxt yeganə arzusu tezliklə sinif otağından, məktəb mühitindən ayrılmaq və anasına qovuşmaq olur.

Uşaqların ilk dəfə sinfə göz yaşı ilə daxil olmaması üçün ən böyük vəzifə valideynlərin üzərinə düşür.

Son.az xəbər verir ki, Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı Trend-ə bildirib ki, uşaqların dərs ilinə psixoloji hazırlıq səviyyəsi ailədə pedaqoji prosesə yaradılan münasibətdən asılıdır: "Məktəb uşağa nə üçün lazımdır? Təhsil almaq, elmli olmaq, həyat üçün gərəkli bilikləri qazanmaq üçün. Lakin valideynlərin yol verdikləri bəzi nöqsanlar uşaqlarda məktəbə qarşı mənfi hisslər yaradır".

E.Baxışlı bildirib ki, uşaqlar 4 yaşından etibarən hesablamaya və yazıya qədərki hazırlıq mərhələsini keçməlidirlər. Lakin bu pedaqoji mühit uşaqlar üçün oyun xarakteri almalıdır. Valideynlərin çox zaman bunu məcburi bir məşğuliyyətə çevirməsi, uşaqların həddindən artıq yüklənməsi, masa arxasında çox oturdulması, yazıya erkən başladılması uşaqlarda oxumağa, məktəbə qarşı mənfi hisslər yaradır: "Buna görə də uşaqlar oxumağı əziyyət kimi görürlər. Düz yazmadıqda valideynin qışqırması və ya vurması isə uşaqlarda qorxu hissi yaradır. Həmçinin dəcəl, sözə qulaq asmayan uşaqları müəllimlə, məktəblə qorxutmaq uşaqlara pis təsir edir".