Ağsunun Bico kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib (FOTO)


Digərləri 17 Sen 2018 15:06:00 294 0

Ağsunun Bico kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib (FOTO)

Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Bico kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan tam orta məktəb üçün yeni bina istifadəyə verilib.

Bakı. Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Bico kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan tam orta məktəb üçün yeni bina istifadəyə verilib. Trend-in məlumatına görə, sentyabrın 17-də, ilk dərs günündə Fond tərəfindən layihələşdirilərək tikilən yeni tədris ocağının açılışı olub. Rayon rəhbərliyinin, qonaqların, valideynlərin iştirak etdikləri mərasimdə Azərbaycanın Dövlət himni səsləndirilib. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev mərasimi açaraq ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, o cümlədən Ağsuda son illər ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tədris ocaqlarının tikilməsi, bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə ətraflı danışıb. Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov şagird və müəllimləri yeni dərs ili, eləcə də yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib. A.Ələkbərov iştirakçılara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırıb. Fond tərəfindən minlərlə layihənin reallaşdırıldığını, bu layihələrin coğrafiyasının genişləndirilərək Azərbaycanın hüdudlarını aşdığını diqqətə çatdıran A.Ələkbərov fəaliyyətin mədəniyyət, təhsil, səhiyyə, tarixi abidələrin bərpası və digər istiqamətləri əhatə etdiyini söyləyib. Vurğulayıb ki, Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələri çərçivəsində ölkəmizdə 400-dən çox məktəb binası inşa olunub. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi və bu layihə çərçivəsində görülən işlər Fondun təhsilimizə, gələcəyimizə göstərdiyi qayğının nəticəsidir.