Beynəlxalq Gimnastika Federasiyasının bayrağı Azərbaycana təqdim edildi


Digərləri 17 Sen 2018 11:58:07 233 0

Beynəlxalq Gimnastika Federasiyasının bayrağı Azərbaycana təqdim edildi

Bolqarıstanın Sofiya şəhərində bədii gimnastika üzrə 36-cı dünya çempionatı öz işinə yekun vurub.

Son.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, dünya birinciliyi uğrunda mübarizə aparan 36 qrup komandası arasında Azərbaycan gimnastları da iştirak ediblər. İcra etdikləri hər iki kompozisiya üzrə finala adlamağı bacaran qızlarımız - Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətova ötən gün yenidən xalça üzərinə çıxaraq öz güclərini bir daha nümayiş etdiriblər. Ən güclülərin mübarizə apardığı bu mərhələdə komandamızın halqa ilə çıxışları 20.100 xalla dəyərləndirilib. Bununla da onlar dünya çempionatının 5-cisi olublar. Gimnastlarımızın 3 top-2 ip ilə icra etdiyi digər final çıxışı isə onları 7-ci edib. Komandamız çoxnövçülük proqramında sıralamada da 7-ci yerdə qərarlaşıb.

Çempionatın bağlanış mərasimində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bayrağının bədii gimnastika üzrə növbəti dünya çempionatına ev sahibliyi edəcək Azərbaycana təqdim etmə mərasimi baş tutub. Federasiyanın bayrağı qurumun prezidenti Morinare Vatanabe tərəfindən Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanovaya təntənəli şəkildə təqdim edilib.