Futbol matçlarında kütləvi davalar - ilk reqlamenti azarkeş yazmışdı


İdman 17 Sen 2018 10:43:00 253 0

Futbol matçlarında kütləvi davalar - ilk reqlamenti azarkeş yazmışdı

Qədim insanlar müxtəlif idman yarışlarında gücünü sınayırdı. Yarışlar xeyli azarkeş tərəfindən izlənilirdi. Yunanıstanda təşkil olunan Olimpiya oyunları, qladiator döyüşləri insanların marağını cəlb edirdi. Belə yarışlar hay-küylü olur, çılğınlığı ilə yadda qalırdı. Əksər hallarda isə yarışlar zamanı qalmaqal yaşanır, azarkeşlər dava salırdı. Belə davalar kütləvi xarakter alanda sakitlik yaratmaq daha çətin olurdu. Yunanıstanın ayrı-ayrı şəhərləri idman yarışlarında baş verən narazılıq səbəbindən biri-birinə düşmən münasibət bəsləyirdi. Futbol və reqbi yarışlarında hər zaman dava düşürdü. Müxtəlif şəhərləri təmsil edən komandaların fanatları həm oyundan əvvəl, həm də sonra kütləvi şəkildə dava etməkdən, sanki zövq alırdı. Hökumət narazılıqları aradan qaldırmaq üçün müxtəlif vasitələrə əl atsa da, bu, hər zaman mümkün olmurdu. Yalnız Olimpiya oyunları dövründə mübahisələrə son qoyulurdu. Ölkədə tam bir sakitlik hökm sürür, bütün insanlar Olimpidanı izləyirdi. Ən azı 3 ay Yunanıstanda təhlükəsizlik tam bərba edilirdi. Yerli sakinlər qaydalara əməl edirdi. Bu dövrdə ölkəyə gələn turistlər də qaydalara əməl etmək məcburiyyətində idi. Qaydaları pozan əcnəbi olkədən qovulur və ya cərimələnirdi.

Çaxnaşmalar daha çox futbol matçlarında yaşanırdı

14-cü əsrdə Antonino Skayano adlı bir nəfər “Top oyunda” adlı bir qaydalar toplusu hazırladı. Həmin topluda qaydalar sistemləşdirilmişdi. Müəllif hesab edirdi ki, oyun zamanı tamaşaçılar arasında dava düşən zaman yarış mütləq saxlanılmalıdır. Toplunun dərc olunduğu dövrdə yarışlar tamaşaçıların davasına görə saxlanılmırdı. 1529-cu ildə isə qanunların hazırlanması ilə məşğul olan “Böyük Şura” yarışlarda qaydaları pozan insanlar üçün konkret cərimə məbləği təyin etdi. “Top oyunda” yarışlarda qaydaların qorunması, təhlükəsizliyin təmin edilməsinə həsr olunmuş ilk reqlament hesab olunur. “Böyük Şura”nın qərarı isə orta əsrlərdə idman yarışlarında təhlükəsizliklə bağlı qəbul edilən ilk hökumət qərarı kimi tarixə düşüb.

Qədimdə çaxnaşmalar ən çox futbol oyunlarımda olurdu. Demək olar ki, bütün futbol matçlarında aləm bir –birinə dəyirdi. Fanatlar tribunalarda kütləvi dava salırdı. 20-ci əsrin 60-cı illərində İngiltərədə fanatlardan ibarət qruplar yaradıldı. Bu qruplar rəqib komandanın azarkeşləri ilə düşən davaları “sistemə” salırdı. Yəni fanatlar davanın “səliqəli” şəkildə keçməsinə nəzarət edirdi. Futbol tarixində tribunada xuliqanlığa görə ilk həbs cəzası 1905-ci ildə tətbiq olunub. Blackburn-dan olan azarkeşlərə hücum edən Prestona klubunun 6 fanatı həbs edilib. İngiltərə hökuməti bu yolla çaxnaşmalara son qoymaq istəyirdi.

Ölkənin keçmiş baş naziri Marqaret Tetçer futbol xuliqanlarına qarşı sərt tədbirlərin görülməsi tərəfdarı idi. Baş nazir 1982-ci ildə bütün azarkeşlər üçün xüsusi kart hazırlanması təklifini irəli sürmüşdü. Lakin onun bu təklifini parlament qəbul etmədi. Bununla belə, İngiltərə polisinə futbol xuliqanlarına qarşı ən sərt tədbirdən istifadə icazəsi verildi. Polis həm stadionda, həm də kənarda fanatlara qarşı hərəkət edə bilərdi. Sonralar fanat qrupları və onların başçıları barədə məlumat toplanılmasına icazə verildi. Həmin məlumatlar toplanılır, fanatın (və ya başçının) xuliqanlıq hərəkətləri araşdırılırdı. Lazım gəldikdə həmim şəxs həbs olunurdu. Kütləvi davaya görə İngiltərədə ilk həbs edilən futbol xuliqanı “Kass” ləqəbli Kerrol Pennatdır. O, türmədə keçirdiyi illərdə yazdıgı avtobioqrafiyada fanatların “şanlı həyatından” həvəslə bəhs etmişdi.

Hazırda bütün dünyada futbol xuliqanlarına qarşı sərt mübarizə aparılır. Yaşıl meydanlarda, eləcə də stadionlardan kənarda təhlükəsizliyin qorunması günün ən aktual məsələsindən biri sayılır.