Naxçıvan sakinləri məşhur "Babək" filminin çəkilişlərini hələ də unutmayıblar FOTO


Kriminal 17 Sen 2018 07:14:00 213 0

Naxçıvan sakinləri məşhur "Babək" filminin çəkilişlərini hələ də unutmayıblar  FOTO

Bu il 120 illiyini qeyd edən Azərbaycan kinosunun şah əsərlərindən biri də xalq qəhrəmanı, Xürrəmilər hərəkatının rəhbəri Babəkin azadlıq uğrunda apardığı mübarizədən bəhs edən "Babək" filmidir. Ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə çəkilən filmin ssenari müəllifi Ənvər Məmmədxanlı, quruluşçu rejissoru Eldar Quliyev, bəstəkarı Polad Bülbüloğludur. Rollarda Azərbaycan kinosunun korifeyləri - Rasim Balayev, Şahmar Ələkbərov, Həsənağa Turabov, Amalya Pənahova, Hamlet Xanızadə, Ənvər Həsənov, Hacımurad Yegizarov, Səməndər Rzayev, Muxtar Manıyev, Mikayıl Mirzə və başqaları çəkiliblər.

Bu filmin bir çox epizodları Naxçıvan Muxtar Respublikasında çəkilib. Son.az bildirir ki, AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı bu günlərdə filmin lentə alındığı həmin məkanlara baş çəkib, çəkilişlərin şahidi olan yerli sakinlərin xatirələrini qələmə alıb.

Azərbaycan kino tarixinin ən bahalı filmlərindən biri

"Babək" filmini təkcə Azərbaycanın deyil, sovet kinosu tarixinin ən bahalı filmləri sırasına daxil edirlər. Belə ki, filmin büdcəsi 1 milyon 650 min rubl təşkil edib. Bu, həmin dövr üçün çox böyük bir rəqəm idi. Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan və Özbəkistanda 16 fabrik film üçün 1500 dəstdən çox geyim hazırlayıb. 60-a yaxın ölkə tərəfindən prokata götürülən film yalnız bir il ərzində 35 milyon tamaşaçı tərəfindən izlənib. 

Filmin çəkilişləri, əsasən qədim Naxçıvanda, Ramana qalasında, "Azərbaycanfilm" kinostudiyasının pavilyonunda, Suraxanıdakı "Atəşgah" məbədində aparılıb. Qanlı döyüş səhnələrinin bir çoxu Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın və Ərəzin kəndlərinə yaxın ərazilərdə, Dərəlik və Darıdağ sahələrində lentə alınıb. Burada Bəzz qalasının maketi qurulub.

"Hər gün lazım olan 4-5 min insanı yığmaq problemə çevrilmişdi"

Culfa-Naxçıvan magistral yolunun ətrafındakı ərazilər, dağların sıldırım yamacları, enişli-yoxuşlu yollar, qoşunların düzülüşü üçün əlverişli düzənliyin qarşısındakı təpələr ilk baxışdan diqqəti cəlb edir.