Buzovna çimərliyində növbəti təmizlik aksiyası təşkil olundu FOTO


Digərləri 16 Sen 2018 22:24:00 524 0

Buzovna çimərliyində növbəti təmizlik aksiyası təşkil olundu FOTO

Sentyabrın 16-da IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, "Təmiz Şəhər" ASC və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası keçirilmişdir.

Son.az Trend-ə istinadən bildirir ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü, eyni zamanda çimərlik mövsümünün bitməsi ilə əlaqədar təşkil edilən təmizlik aksiyası Buzovna çimərliyi ərazisində baş tutub.

Sözügedən aksiyaya Sabunçu və Xəzər Gənclər Evinin təbiətsevər gəncləri, ali və orta təhsil müəssisələrinin tələbələri, gənclər təşkilatlarının fəal üzvləri və ictimaiyyət nümayəndələri olmaqla ümumilikdə 300 nəfərdən çox könüllü gənc qoşulub.

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təmin olunmuş iştirakçılar çimərlikdən topladıqları tullantıları birgə çeşidləyərək çimərliklərdə ən çox müşahidə olunan zibilləri müəyyən ediblər. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub. Daha sonra, bütün tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.