İnsanın ən qiymətli sərmayəsi


Digərləri 16 Sen 2018 21:55:00 263 0

İnsanın ən qiymətli sərmayəsi

Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəmlik əyyamı yaxınlaşır. Bu dönəm, həyatın bir çox sahələrinə öz mübarək təsirini buraxır. Mübaliğəsiz olaraq demək olar ki, məhərrəmlik fenomeninə münasibət baxımından toplumun ruhi-mənəvi durumu haqqında müəyyən nəticələr əldə etmək olar. Belə ki, toplumun Aşura mərasimlərinə sayğısı, əslində İmam Hüseynin (ə) və qəhrəman silahdaşlarının, uğrunda şəhid olduqları ideallara sayğının bir növ təzahürüdür. Uca Allaha dua edirik ki, millətimizi bu gözəl dəyərlərə sayğılı olanlardan qərar versin!

Nemətlər içərisində bir nemət vardır...

Nə öyrədir bizə məhərrəm-səfər? Buradan əxz edilən ən mühüm dərs odur ki, insana, bəşər övladına Allah tərəfindən verilmiş ən qiymətli, ən dəyərli bir sərməya vardır. Bu sərmayə insana tamamilə təmənnasız verilib. Bu sərmayə verilməklə yanaşı, daima Allahın ən seçilmiş bəndələri bu sərmayədən istifadəni, sərmayənin əhəmiyyətini də insanlara çatdırmışlar. Və müxtəlif zamanlarda yüzminlərlə insan bu sərmayənin qorunması üçün canlarını fəda etmişlər. Peyğəmbərlər (ə), İmamlar (ə) bu sərmayənin düzgün çatdırılması, onun qorunması üçün ömürlərini sərf etmiş, nəhayətdə, həyatlarından belə keçmişlər. Bu sərmayənin adı - dindir.

Allahın Təala insana çox nemət bəxş etmişdir: görmək, eşitmək, düşünmək qabiliyyəti, sevinmək, qəmlənmək, sevmək və s. saysız-hesabsız nemətlər verib. Hamısını Allah insana hədiyyə edib. Amma bütün bu hədiyyələr içində ən mühümü, ən dəyərlisi - məhz dindir. Din adlanan sərmayə bunların hamısından üstündür. Səbəbi nədir?

Bütün sadalanan nemətlər və ümumiyyətlə mövcud olan nemətlərin bir fərqləndirici xüsusiyyəti vardır: onlar ötəri xarakterə malikdir, hər bir nemət əvvəl-axır öz sonuna çatır. Amma din belə deyildir. Dində elə bir xüsusiyyət vardır ki, daxilinə sirayət etdikcə, daha da dərinləşir. Dəryalartək, okeanlartək dərinliklər var dində.

Lakin, tək əbədiyaşarlığı ilə fərqlənmir din. Din - insanın öz vəzifəsini, yaradılış hikmətini dərk edərək, bu missiyanı həyata keçirməyə yardım edən bir mübarək vasitədir. Məhz din insana öyrədir ki, o haradan gəlmişdir, haradadır, haraya gedəcək və ən başlıcası - nə etməlidir.

Məhərrəm ayına doğru gedirik. Bu ay Aşura qiyamı ilə səciyyələnən bir aydır. Nə uğrunda şəhid oldu İmam Hüseyn (ə)? Məhz dinə görə canlarını qurban verdilər Kərbəla qəhrəmanları, İlahi dəyərlərin aradan getməməsi, iblisvari mahiyyətli ünsürlərin insanlara hakim kəsilməməsi üçün canlarını fəda etdi onlar.

Din - insanın ən möhkəm dayağıdır

Həzrət Əlidən (ə) dinlə bağlı mübarək hədis nəql edirlər: "Din - nurdur".

İmam (ə) bəşərə aydınlaşdırır ki, insan zülmət əhatəsindədir. Bu qaranlıqlardan işığa aparan, zülmətdən nicat verən vasitə isə dindir.

Diğər mənbələrdə İmam Əlidən (ə) nəql edirlər: "Din - qoruyucudur".

Yenə də: "Din - ən qüdrətli dayaqdır".

Din insanı bütün məhvedici ünsürlərdən, bütün fəsadlardan - istər daxildə olan, istərsə də xaricdəkilərdən - müdafiə edir.

Yeri gəlmişkən, İmam Əlinin (ə) ən məşhur ləqəbi "Əmirəlmöminin"dir. Bu sözün mənası, "möminlərin əmiri", yəni, "iman gətirənlərin öndə gedəni" deməkdir. Yəni, İmam Əli (ə) dində olan insanların rəhbəridir. O insanlara rəhbərdir ki, həyati hədəfləri - Allahın razılığıdır. Və İmamın (ə) insanlara ən əsas çatdırışı bu olub ki, mal-dövlət, mənsəb, məqam, hakimiyyət, mülklər, saraylar deyildir əsla həqiqi dəyərə malik olan şeylər.

Əgər bunlar dəyər olsaydı, İmamlar (ə) insanlara buyurardı ki, çalışın, maksimum mal-dövlət əldə edəsiniz. Təbii ki, heç bir İmam (ə) bunu deməmişdir. Əksinə, maddiyyatın ötəriliyini, yalnız yaşam vasitəsi olduğunu, mənəvi dəyərlərin isə əbədiliyini vurğulamışlar.

İmam Cəfər Sadiq (ə) İslamın elmi inkişafını təmin etmək üçün misilsiz işlər görmüşdür. 4000-dən artıq tələbəsi olmuşdur İmam Sadiqin (ə). Elmin, zəkanın dəryası, elmi tədrisin institusional bünövrəsinin banisi olan İmam Sadiq (ə) nə demişdir insanlara, çatdırışı nə olmuşdur? Qısaca çatdırmaq istəsək, İmamın (ə) buyurduğu bu olmuşdur ki, "Mən gəlmişən sizə həqiqəti çatdırım. İstəsəniz, siz də düzgün seçim edin, getdiyim bu yolla gedin".

Yüzlərlə övliya gəlib bəşərə bu həqiqəti çatdırmağa. Ən əsas bəyanları da bu olub ki, din - başlıca sərmayədir. O, varsa, digər nemətlər də mənaya yiyələnir. O, yoxdursa, heç bir digər nemətin insanda olub-olmamasının mənası yoxdur.

Din insanın yaşamasını istəyir

Dinin mahiyyətini açıqlayan digər bir hədisdə Həzrət Əlidən (ə) nəql edirlər: "Bəla gələn zaman, mallarınızı, öz canlarınızı qorumaq üçün bir sipər edin. Bir hadisə baş verərsə, canlarınızı dininizə qurban edin. Və bilin ki, dini məhv olanın özü həlak olmuşdur. Dini qarət olanın özü qarət olunmuşdur".

İnsanın dini, əqidəsi, inancı aradan gedəndən sonra, yerdə nə qalır? Bunlar aradan gedəndə, elə insanın özü məhv olur. Din aradan gedəndə, nə malın, nə canın əhəmiyyəti yoxdur. Çünki, insanı öz vəzifəsini icra etməyə, yaranmışın əşrəfi məqamınadək yüksəlməyə yardım edən yeganə vasitə - dindir.

Yüzlərlə, minlərlə ən müxtəlif nəzəriyyəçilər gəlib-getmiş bu dünyaya. Nə nəzəriyyə desəniz, bunların arasında tapmaq olur. Hətta "intihar fəlsəfəsinə"dək insanlara yeritməyə çalışmışlar. Şopenqauer adlı birisi sübut etməyə çalışmışdır ki, ölüm - insan üçün ən böyük dəyərdir və insan nə qədər tez ölsə, o qədər yaxşıdır. Və buna yaxınlaşmağın rahat vasitəsi kimi intiharı göstərmişdir. Minlərlə insan bu cəfəngiyyata uyub, özlərini bu dünyadan da, axirətdən də məhrum etmişlər. Sözü gəlmişkən, Şopenqauerin özü, öz nəzəriyyəsinə əməl etməmişdir.

Amma din insanın yaşamasını istəyir. Özü də din insanın həqiqi mənada yaşamasını, həm fiziki baxımdan yaşamasını, həm də qəlbinin diri olmasını istəyir.

Və zaman-zaman İlahi övliyalar yaşatmışlar bu mübarək fəlsəfəni. 12 İmamdan (ə) 11-i bu yolda şəhid olub, 12-ci Mövlamız (ə.f.) isə qeybə çəkilmişdir. Peyğəmbərimizin (s) ən pak səhabələri - Cəfər Təyyar, Əbazər, Miqdad, Salman, Bilal bu yolda hər şeylərindən keçmişlər.

Dünya və axirət mənfəəti

Dinin insan həyatında ən böyük, ən əhəmiyyətli sərmayə olmasının səbəbi - onun dünya və axirət mənfəətinə gətirib çıxaran bir fenomen olmasıdır. Rəsuli-Əkrəmdən (ə) nəql edirlər ki, o zaman Məkkə əhlinə deyərdi: "Mən sizin üçün dünya və axirət xeyrini gətirmişəm. Və bu, dindir".